Bakıda Britaniya Hərbi Hava Qüvvələrinin və Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar sərgi açılıb - FOTOLAR
Bakıda Britaniya Hərbi Hava Qüvvələrinin və Azərbaycan Ordusunun 100 illik yubileyinə həsr olunan fotosərgi təşkil edilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Kroft bildirib ki, Kral Hava Qüvvələri dünyanın ilk müstəqil qüvvələri olaraq 1918-ci ildə yaradılıb və ötən illər ərzində davamlı xidmət göstərib. Yenilikçilik ruhu 100 il əvvəl olduğu kimi, bu gün də güclüdür. Hava Qüvvələrinin fəaliyyəti təkcə döyüş deyil, dünyanın müxtəlif yerlərinə humanitar yardımların çatdırılmasını da əhatə edir.
Səfir deyib ki, 1918-ci il Azərbaycan üçün də tarixi il olub. Həmin il Azərbaycan müsəlman dünyasında ilk respublika yaradıb, ordu qurub. Bu, Britaniya Hava Qüvvələrinin yaranmasından bir neçə ay sonra baş verib.
Səfir deyib: “Biz Azərbaycanın beynəlxalq sülhyaratma əməliyyatlarına göstərdiyi dəstəyi alqışlayırıq. Hazırda çətinləşən dünyada birgə əməkdaşlıq əvvəlkindən daha çox əhəmiyyət kəsb edir”.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, hərbi hava qüvvələri komandanı, general-leytenant Ramiz Tahirov Azərbaycan Ordusunun yaranma tarixindən danışıb. O deyib ki, müasir Azərbaycan Ordusu bütün döyüş tapşırıqlarını yerinə yetirməyə qadir ordudur. Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır. Azərbaycan ötən illər ərzində böyük inkişaf yolu keçib. Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələr digər sahələrdə olduğu kimi, müdafiə sahəsində də inkişaf edir. Bu əlaqələr xalqlarımızın mənafeyinə uyğun olaraq gələcəkdə daha da möhkəmlənəcək.
Sonra qonaqlar sərgi ilə tanış olublar.