Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanovun “15 iyun - Azərbaycanın Milli Qurtuluş Günüdür” başlıqlı məqaləsi Mərakeşin həftəlik “Əl-İslah və Əl-Tənmiyə” qəzetində dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 30 ildən çox dövrünün, ölkənin iqtisadiyyatının və mədəniyyətinin dirçəlişinin xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanır. Qeyd edilir ki, iyunun 15-i Azərbaycan xalqının gələcək həyatını müəyyənləşdirən mühüm başlanğıcların əsasının qoyulduğu, habelə əhəmiyyətli bir dönüşlə əlamətdar olan tarixi bir gündür.
Bildirilir ki, müstəqilliyin ilk illərində Azərbaycanda çox mürəkkəb bir siyasi şərait yaranmışdı, Ermənistanın təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirmişdi. Vətənin bu ağır dövründə Azərbaycan xalqı təkidlə Heydər Əliyevi Bakıya, Azərbaycan rəhbərliyinə dəvət etdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Heydər Əliyevin rəhbərliyi dövründə gördüyü əvəzsiz işlər Azərbaycanı beynəlxalq arenada böyük nüfuza malik bir ölkəyə çevirdi.
Yazıda diqqətə çatdırılır ki, Bu gün Azərbaycan Heydər Əliyevin irsinə və xarici siyasət kursuna sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir, ölkədə demokratik və iqtisadi islahatlar aparılır. Postsovet ölkələri sırasında Azərbaycan qısa dövr ərzində keçid dövrünü başa vurub, beynəlxalq dialoq və sülh mərkəzinə, habelə prinsipial mövqeyi ilə seçilən regional geosiyasi gücə çevrilib.
Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın hərtərəfli inkişaf strategiyası 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və iqtisadi-ictimai bəhrələrini verir.
Qeyd olunur ki, 2020-ci il mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü keçirildi. Bu Zirvə Görüşündə Prezident İlham Əliyev qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürüb.
Məqalədə müasir dünyada qadınların sosial-siyasi sahədə rolunun xüsusi əhəmiyyəti qeyd olunur, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edilir. Mehriban Əliyevanın UNESCO və ICESCO-nun xoşməramlı səfiri olduğu vurğulanır.
Həmçinin yazıda Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizinin işğalına və bir milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından didərgin salınmasına toxunan müəllif münaqişənin respublikamızın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində nizamlanmasının zəruriliyini vurğulayır. Bu mövqe beynəlxalq hüququn normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır.