Azərbaycan ilə Pakistan arasında parlamentlərarası əlaqələrin inkişafı məsələləri müzakirə edilib - FOTOLAR
İyunun 19-da Milli Məclisdə Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva Pakistan İslam Respublikası Parlamentinin Senatında ölkəmizlə dostluq qrupunun əlaqələndiricisi Məhəmməd Talha Mahmud ilə videogörüş keçirib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə Qənirə Paşayeva Azərbaycan ilə Pakistanın dost və qardaş münasibətlərindən danışıb. Qeyd edib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Hazırda ölkələrimiz arasında siyasi, iqtisadi, ticari, humanitar əlaqələr çox yüksək səviyyədədir. Münasibətlərimizin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri əhəmiyyətli rol oynayıb. Ölkələrimiz bir sıra beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir.
Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi beynəlxalq səviyyəli bir sıra onlayn görüşlərdə COVID-19-la mübarizəyə xüsusi diqqət yetirir.
Q.Paşayeva Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, Xocalı faciəsinin tarixindən danışıb, Pakistanın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə minnətdarlığını ifadə edib.
Məhəmməd Talha Mahmud parlamentlərarası əlaqələrin inkişafı, neft-qaz hasilatı, enerji sahəsində əməkdaşlığın qarşılıqlı faydalarından söz açıb. Siyasi, iqtisadi, humanitar sahələrdə böyük irəliləyiş müşahidə olunduğunu deyib. Pakistan-Azərbaycan əlaqələrinin inkişafından və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluğunu bildirib. Əməkdaşlığın möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Məhəmməd Talha Mahmud Pakistan tərəfin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
Görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişafı və tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Videogörüşdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, deputatlar Ceyhun Məmmədov, Eldəniz Səlimov, Ülviyyə Həmzəyeva, Azər Badamov, Bəhruz Məhərrəmov, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə və digər rəsmi şəxslər müzakirə olunan məsələlərə münasibətlərini bildiriblər.