Bir neçə MDB ölkəsi rəhbərlərinin Moskvada keçiriləcək Qələbə Paradında iştirak etməməsi siyasi məna daşımır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri “Valday” Beynəlxalq Diskussiya Klubu Fondunun Şura sədri Andrey Bıstritski söyləyib. O xatırladıb ki, MDB-nin bir neçə ölkəsində COVID-19 pandemiyası ilə əlaqədar karantin tədbirləri kəskinləşdirilib və bu səbəbdən həmin dövlətlərin rəhbərləri tədbirdə iştirak etməyəcəklər.
Rusiya Beynəlxalq İşlər Şurasının Baş direktoru Andrey Kortunov pandemiya şəraitində Rusiyanın Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə bağlı Moskvada keçiriləcək tədbirlərdə çoxlu sayda nümayəndə heyətinin iştirak edəcəyinə ümid bəsləmədiyini bildirib. “Həmin dövlətlərin başçılarının Paradda iştirak etməməsi ikitərəfli münasibətlərə təsir göstərməyəcək. Dövlət başçılarının tədbirə qatılmaması, eyni zamanda, bu ölkələrin İkinci Dünya müharibəsinin nəticələrinin revizionist traktovkasına qoşulması anlamına gəlmir”, - deyə ekspert vurğulayıb. Analitik Moskva ilə Bakı arasında münasibətlərdə heç bir çətinliyin olmadığını da diqqətə çatdırıb.
Xatırladaq ki, Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə mayın 9-da Moskvada keçirilməsi nəzərdə tutulmuş parad koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmışdı. Sonradan Rusiya Prezidenti Vladimir Putin Paradın iyunun 24-də keçirilməsi barədə qərar qəbul etmişdi.