İslamabadda “Azərbaycan-Pakistan müdafiə əməkdaşlığı: Uğurlar və fürsətlər” adlı beynəlxalq vebinar təşkil edilib - FOTOLAR
Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Qlobal və Strateji Araşdırmalar Mərkəzi (CGSS) ilə birgə Azərbaycan Silahlı Qüvvələrinin (SQ) yaranmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycan-Pakistan müdafiə əməkdaşlığı: Uğurlar və fürsətlər” adlı beynəlxalq vebinar keçirib.
Vebinarda Pakistanın Milli Təhlükəsizlik üzrə sabiq məsləhətçisi, ehtiyatda olan general-leytenant Nasir Xan Cancua, CGSS-in prezidenti, ehtiyatda olan general-mayor Seyid Xalid Əmir Cəfri, Pakistanın Azərbaycandakı hərbi attaşesi, polkovnik Nadim Çoudri, CGSS-in icraçı direktoru Xalid Teymur Əkrəm, Azərbaycan və Pakistan hərbçiləri, ekspertlər, eyni zamanda müxtəlif ölkələrin Pakistandakı hərbi attaşeləri iştirak ediblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Xalid Teymur Əkrəm Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırıb, iki ölkə arasında mövcud olan yaxın münasibətlərdən söz açıb və ikitərəfli hərbi əməkdaşlığın tarixinə toxunub.
Seyid Xalid Əmir Cəfri Pakistanla Azərbaycan arasındakı tarixi əlaqələrdən bəhs edib, hər iki ölkənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Kəşmir məsələsində bir-birinə dəstək verdiklərini, eyni zamanda müdafiə sahəsində münasibətlərin inkişaf etdiyini vurğulayıb. O, 2015-ci ildə Pakistan Prezidentinin ölkəmizə səfəri, 2019-cu ildə Azərbaycanın Müdafiə nazirinin Pakistanda olmasından danışıb. Hərbi sahədə fəaliyyət göstərən işçi qrupunun iclaslarında müdafiə texnologiyası, hərbi-texniki əməkdaşlıq, zabitlərin kurslarda iştirakı və digər bu kimi məsələlərin müzakirə olunduğunu bildirib.
Vebinarda çıxış edən Azərbaycan Silahlı Qüvvələrinin Pakistandakı hərbi attaşesi, polkovnik Mehman Novruzov Silahlı Qüvvələrimizin yaranma tarixi və inkişaf yolundan danışıb. O, Azərbaycanın Xalq Cümhuriyyəti dövründə olduğu kimi, müstəqilliyin bərpasından sonra da ölkəmizin erməni təcavüzü və terroru ilə üzləşdiyini, nəticədə 1988-1993-cü illərdə əzəli torpaqlarımızın erməni işğalına məruz qaldığını qeyd edib. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul etməsinə baxmayaraq, bu qətnamələrin Ermənistan, eləcə də BMT TŞ-na daimi üzv olan ölkələr tərəfindən icra olunmadığını bildirən M.Novruzov Azərbaycan dövlətinin və xalqının tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətraf rayonların erməni terrorçuları tərəfindən mövcud işğalı faktı ilə heç vaxt barışmayacağını və işğal altındakı torpaqlarımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasətin nəticəsi olaraq azad ediləcəyi günün çox yaxında olduğunu vurğulayıb. O, müasir silahlarla silahlanmış, peşəkar və vətənpərvər kadrlara sahib Azərbaycan ordusunun 138 dünya ölkəsinin silahlı qüvvələrinin qlobal reytinq siyahısında 64-cü yerdə olduğunu, ordumuzun 2016-cı ilin aprel qələbəsi və 2018-ci ildəki uğurlu Naxçıvan əməliyyatı, eləcə də beynəlxalq hərbi əlaqələri, o cümlədən Pakistanla hərbi əməkdaşlıq haqqında məlumat verərək iki ölkə arasında hərbi münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıb.
Daha sonra çıxış edən Nadim Çoudri də Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu, hər iki ölkənin İslam Əməkdaşlıq Təşkilatının, Cəmmu və Kəşmir üzrə Təmas Qruplarının üzvü olduğunu qeyd edib, ikitərəfli hərbi əməkdaşlığın əsasının 1994-cü ildə Pakistanın ölkəmizdə səfirlyinin fəaliyyətə başlaması ilə qoyulduğunu diqqətə çatdırıb. O, ölkə prezidentlərinin qarşılıqlı həyata keçirdikləri rəsmi səfərlərini xatırladaraq, 2015-ci ildə iki ölkə arasında Strateji əməkdaşlıq haqqında Bəyannamənin imzalanması ilə təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu söyləyib. N.Çoudri son üç ildə hərbi sahədə Pakistandan Azərbaycana 52, ölkəmizdən Pakistana isə 42 səfərin gerçəkləşdiyini bildirib, indiyə qədər 350-dən çox azərbaycanlı hərbçinin Pakistanda müxtəlif kurslarda iştirak etdiyini vurğulayıb.
Ölkəmizin Pakistandakı səfir Əli Əlizadə Azərbaycan və Pakistanın iki qardaş xalqın iradəsini əks etdirən möhkəm dostluq və strateji tərəfdaşlıq münasibətlərinə malik olduqlarını bildirib. Bu münasibətlərin ən əhəmiyyətli sahələrindən birinin müdafiə, təhlükəsizlik və hərbi sahələrdə mövcud olan əməkdaşlıq və strateji tərəfdaşlıq olduğunu vurğulayıb və hər iki ölkənin rəhbərliyinin səyləri ilə qeyd edilən sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Silahlı Qüvvələr Günü münasibətilə xalqımıza, Ali Baş Komandana və silahlı qüvvələrin şəxsi heyətinə təbriklərini çatdıran səfir Azərbaycanın təcavüzkar Ermənistanla münaqişəsinə və ölkə ərazisinin 20 faizinin işğal altında olmasına baxmayaraq, Azərbaycanda ordu quruculuğu sahəsində böyük işlər göryldüyünü və ordumuzun regionun ən güclü ordularından birinə çevrildiyini, işğal olunmuş ərazilərimizi istənilən vaxt azad etmək iqtidarında olduğunu vurğulayıb.
Səfir həmçinin Pakistan SQ-nin və ölkə rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyi dəstəyin və işğalçı erməni qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb etməsinin Azərbaycan hökuməti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini söyləyib və davam edən əməkdaşlığa görə Pakistan SQ-yə və ölkə rəhbərliyinə təşəkkür edib.
Nasir Xan Cancua Azərbaycan Silahlı Qüvvələrinin 102-ci ildönümünün Pakistanda qeyd olunmasının onun üçün çox əhəmiyyətli olduğunu vurğulayıb, Azərbaycan ordusunun ölkənin inkişafı və çiçəklənməsi, xüsusən də ölkəmizin müdafiəsi sahəsində göstərdiyi səylərin heyrətamiz olduğunu söyləyib, vebinarda fəxri qonaq qismində iştirak etməkdən böyük qürur duyduğunu diqqətə çatdırıb. O, Azərbaycanın rəhbərliyinə və xalqına böyük hörmət bəslədiklərini, Pakistanın Azərbaycanın müstəqilliyini tanıdıqdan dərhal sonra bu ölkəyə dəstək göstərdiklərini, indiyə qədər Ermənistanı müstəqil dövlət kimi tanımadıqlarını bildirib.
N.X.Cancua 2012-ci ildə Pakistan Senatının Xarici əlaqələr üzrə komitəsinin Xocalı soyqırımını tanıyan və Azərbaycana dəstək ifadə edən qətnamə qəbul etdiyini də xatırladıb, Pakistanın ölkəmizə müxtəlif müdafiə sənayesi məhsulları, o cümlədən Super Muşşak təlim təyyarələrini və JF-17 qırıcılarını təklif etdiyini nəzərə çatdırıb, gələcəkdə də iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın davam edəcəyinə əminliyini ifadə edib. Çıxışının sonunda Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyini və şəxsi heyətini təbrik edən ehtiyatda olan general ordumuza tezliklə işğal olunan ərazilərimizi düşməndən azad etməsini, ərazi bütövlüyümüzün bərpa olunmasını arzulayıb.
Vebinarda Azərbaycan SQ ilə bağlı qısa videomaterial da nümayiş etdirilib, mövzu ilə bağlı suallar cavablandırılıb.