26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Qüdrətli ordumuz qələbə əzmindədir

A- A A+

Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan korpusunun yarandığı tarix – iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olunmuşdur.

Ölkəmizdə güclü, nizami və yüksək döyüş hazırlığına malik ordunun yaradılması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlayaraq digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də mühüm addımlar atılmışdır. Görkəmli dövlət xadiminin gələcəyə hesablanmış uzaqgörən siyasətinin nəticəsində ötən əsrin 70-ci illərində ölkəmizdə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, bu mənada mühüm əhəmiyyət daşıyır. Dahi liderin şəxsi təşəbbüsü ilə hazırlanan hərbçi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli Milli Ordusunun peşəkar komandan heyətini təşkil etmişdir. Peşəkar ordunun yaradılmasına isə ötən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılmışdır. Belə ki, xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi yaradılmış, 1992-ci il sen­tyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edilmişdir. Həmin il oktyabrın 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilmişdir. 1992-ci il sen­tyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş moto­atıcı briqada təşkil edilmiş və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı 705 saylı hərbi hissəyə təhvil ­verilmişdir. Ümummilli lider Heydər Əliyev sonralar həmin tarixi qərarı belə xarakterizə etmişdir: “1990-1991-ci illərdə Naxçıvanın torpaqlarını qorumaq, Ermənistanın hərbi təcavüzünə cavab vermək üçün sentyabrın əvvəlində… bizim ilk addımlarımızdan biri Naxçıvanda Müdafiə Komitəsi yaratmaq oldu. Bununla da, biz Naxçıvanda mütəşəkkil silahlı qüvvələr yaratmaq prosesinə başladıq. Biz burada Azərbaycanın Milli Ordusunu yaratdıq”.

1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrin təkmilləşməsi prosesi yeni mərhələyə qədəm qoymuş, ordu quruculuğu diqqət mərkəzində saxlanılmışdır. Qısa müddətdə ordumuzun strukturu tam formalaşdırılmış, bütün növ hərbi birləşmələr yaradılaraq komplektləşdirilmişdir. Eyni zamanda görkəmli dövlət xadiminin rəhbərliyi ilə ordunun qanunvericilik bazası yaradılmış, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul edilmişdir. Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin qurulmasına diqqət yetirilmiş, 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na qoşulmuşdur. Hazırda Silahlı Qüvvələrimizin əsgərləri sülhməramlı qismində müxtəlif münaqişə zonalarında iştirak edirlər.

Əsası ulu öndərimiz tərəfindən qoyulan ordu quruculuğu işi bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin dinamik inkişafı ordumuzun büdcəsinin artmasına, nəticə etibarilə, Silahlı Qüvvələrimizin döyüş arsenalının ən müasir silah və texnikalarla təminatına şərait yaratmışdır.

Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Bu sahədə görülmüş işlərdən ən diqqətçəkəni muxtar respublikanın təhlükəsizliyinin qorunması məqsədilə dövlət başçısının “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordunun yaradılmasıdır. Bu əlamətdar hadisə Naxçıvanın müdafiə potensialının, hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə əsaslı zəmin yaratmışdır. Ölkə Prezidenti bu barədə demişdir: “Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”.

Bu gün muxtar respublikamızda ordu quruculuğu sahəsində mühüm işlər görülür. Hərbi hissələrin maddi­-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır. Son illər muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Bu istiqamətdə həyata keçirilən tədbirlər 2020-ci ildə də uğurla davam etdirilir. Cari il aprelin 23-də Sədərək rayonunun Heydərəbad qəsəbəsindəki əsgəri yaşayış kompleksi yenidən qurularaq istifadəyə verilmişdir. Ordu quruculuğu tədbirləri çərçivəsində hazırda Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordunun müasir Mərkəzi Hərbi Xəstəxanasının, Naxçıvan Təlim Mərkəzində 3 mərtəbəli əsgəri-məişət kompleksinin, yeni qərargah binası və 2 yataqxananın, hərbi zavodun, hərbi hava qüvvələri üçün yeni hərbi hissənin tikintisi aparılır, Şahbuz şəhərində yerləşən hərbi hissənin əsgəri-məişət kompleksində əsaslı təmir işləri görülür.

Hər il muxtar respublikada yeni xidmət və yaşayış komplekslərinin tikilməsi ilə yanaşı, həm də hərbi hissələr üçün müxtəlif təyinatlı avtomobil və texnikalar alınaraq istifadəyə verilir. Bu və digər işlərin büdcə qənaəti hesabına həyata keçirilməsi isə muxtar respublikada mövcud resurslardan səmərəli istifadə olunduğunu göstərir. Bu il aprelin 23-də 10 “Qazel” markalı yük, eləcə də “Ford” və “Volkswagen” markalı 2 minik avtomobili Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinə təqdim olunmuşdur. Bütün bunlar belə deməyə əsas verir ki, Naxçıvanda dövlət-xalq-ordu birliyi özünün ən yaxşı ifadəsini tapmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tez-tez sərhəd bölgələrindəki hərbi hissələrdə olması, xidmətin vəziyyəti, əsgərlərin həyat tərzi və problemləri ilə mütəmadi olaraq maraqlanması şəxsi heyətə mənəvi-psixoloji dəstək verməklə onlarda vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olmuşdur.

Son illər görülən işlərin, atılan məqsədyönlü addımların nəticəsidir ki, Əlahiddə Ümumqoşun Ordu 2017 və 2018-ci illərdə döyüş və ictimai­-siyasi hazırlıqda əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri üzrə birinci yerə layiq görülmüşdür. 2017-ci il oktyabrın 18-də muxtar respublikada ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən möhtəşəm hərbi parad ordumuzun Naxçıvanda yerləşən hissələrinin gücünü bütün dünyaya nümayiş etdirmişdir. 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun 26 il işğal altında olan Şərur rayonunun Günnüt kəndini və 11 min hektar ərazini azad edərək mühüm strateji üstünlüklərə yiyələnməsi isə bu gücün praktik nəticəsini ortaya qoymuşdur. Ötən ilin iyun ayında isə Əlahiddə Ümum­qoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələri bölmələrinin birgə döyüş atışlı “Sarsılmaz qardaşlıq – 2019” taktiki təliminin nəticələri onu göstərdi ki, Naxçıvan ordusu istənilən təhdidə layiqli cavab verməyə, istənilən tapşırığı yerinə yetirməyə tam hazırdır. Türkiyə və Azərbaycan Silahlı Qüvvələri rəhbərlərinin iştirak etdiyi, 5 min nəfərədək şəxsi heyətin, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnikaların cəlb olunduğu bu möhtəşəm təlim düşmənlərimizə əsl gözdağı oldu. Keçirilən təlimlə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Ordu quruculuğu tədbirləri sırasında hərbi təlimlərin əhəmiyyəti böyükdür. Çünki təlimlər əsgər və zabitlərdə hərbi vərdişləri formalaşdırır, onların döyüş hazırlığını artırır. Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk deyirdi ki, “Hər hansı bir ordunun dəyəri onun əsgər və komandan heyətinin dəyəri ilə ölçülür”. Azərbaycan-Türkiyə birgə hərbi təlimində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi bir daha əminlik yaratdı ki, təlimə cəlb olunmuş şəxsi heyətlərdə yüksək döyüş hazır­lığı vardır”.

Ali Məclis Sədrinin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən əhəmiyyətli tədbirlərdən biri də hərbi kadr hazırlığı ilə bağlıdır. Ötən dövrdə göstərilən böyük dövlət qayğısı hesabına Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin maddi-texniki bazası möhkəmləndirilmiş, kursantlar üçün müasir tədris və məişət şəraiti yaradılmışdır. İndiyədək minlərlə kursantın təhsil aldığı, bu il iyirminci buraxılışı olan lisey ordumuzun peşəkar zabitlərlə təminatında böyük rol oynayır.

Bu gün ordumuzun döyüş və vətənpərvərlik ruhu, təmas xəttində düşmənin təxribat xarakterli hərəkətlərinə vaxtında layiqli cavab verilməsi hər birimizdə qürur hissi doğurur. Ölkə­mizdə dövlət-xalq-ordu birliyinin möhkəmliyi belə deməyə əsas verir ki, Azərbaycan əsgərinin xalqımıza qələbə sevincini yaşadacağı, üçrəngli bayrağımızın işğal altında qalan torpaqlarımızda da dalğalanacağı gün yaxındadır.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: