Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasındakı debatlarda Ermənistanın hərbi cinayətləri barədə danışıb

A- A A+

Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi təcavüzlərdə beynəlxalq humanitar hüququn ciddi pozuntuları törədilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev bu fikirləri BMT Təhlükəsizlik Şurasının silahlı münaqişələrdə uşaqların müdafiəsinin təmin edilməsinə həsr olunan açıq debatlarında çıxış edərkən bildirib.

Azərbaycan diplomatı öz çıxışında qeyd edib ki, uşaqlara qarşı münasibətdə törədilən ciddi pozuntulara reaksiya göstərilməsində və onların qarşısının alınmasında müəyyən qədər irəliləyiş olmasına baxmayaraq, hələ də ciddi problemlər mövcuddur. Uşaqların müdafiəsi üzrə effektiv səylər selektiv olmamalı və silahlı münaqişələrlə bağlı hər hansı fərqlər, o cümlədən uzunsürən münaqişələrlə bağlı bütün vəziyyətləri əhatə etməlidir. Yaxın keçmişin səhvlərinə, o cümlədən məktəb və xəstəxanalara edilən hücumlara, uşaq qətlləri və onların şikəst edilməsi, yaşayış yerlərinin zorla dəyişdirilməsi və uşaqların oğurlanması hallarına laqeyd yanaşmaq olmaz.

Y.Əliyev bəyan edib ki, erməni tərəfinin həyata keçirdiyi torpaqların yandırılması siyasətinə zəbt edilmiş torpaqların orada yaşayan bütün azərbaycanlılardan etnik təmizlənməsi, həmçinin minlərlə dinc sakinin, o cümlədən uşaqların vəhşicəsinə qətlə yetirilməsi, yaralanması daxil idi. Otuz ildən çox müddətdə Azərbaycanda dünyanın ən böyük qaçqın və köçkün icması mövcuddur ki, bunlardan da əksəriyyəti uşaqlardır. Təcavüz nəticəsində əmələ gələn dağıntıların miqyasını başa düşməkdən ötrü ona diqqət etmək lazımdır ki, Azərbaycanın işğal edilmiş ərazilərində 900-dən çox yaşayış məntəqəsi, 150 min ev, 693 orta məktəb və 855 məktəbəqədər müəssisə talanıb və məhv edilib.

Y.Əliyev qeyd edib ki, 1994-cü ildə atəşkəs rejimi müəyyən edildikdən sonra erməni silahlı qüvvələri cəbhə xətti boyunca və yaxınlığında yerləşən Azərbaycanın əhalisi sıx olan rayonlarını atəşə tutmağa davam edib, bununla da dinc sakinlərin ölümünə, mülki obyektlərin, o cümlədən yaşayış evlərinin, məktəb və uşaq bağçalarının məhvinə bais olublar.

Bundan başqa, 2020-ci ilin əvvəli üçün olan məlumata görə, münaqişə nəticəsində 3889 Azərbaycan vətəndaşı, o cümlədən 719 mülki şəxs itkin düşmüş qismində qeydə alınıb. Onlardan 71-i uşaqlardır. Müəyyən edilib ki, itkin düşmüş 3889 nəfərdən 871-i, o cümlədən 267 mülki şəxs əsir və ya girov götürülüb. Bunlardan 29 nəfəri uşaqlardır. Ermənistan onun nəzarəti altında olan itkin düşmüş şəxslər barədə hesabat verməkdən, həmçinin onların tapılmasından ötrü sürətli və effektli təhqiqat aparmaqdan imtina etməklə beynəlxalq hüquq normalarını pozur.

Azərbaycan diplomatı qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində hərbi cinayətlər və Ermənistanın məsuliyyəti barədə bu yaxınlarda dərc edilmiş geniş əhatəli məruzədə (A / 74/676-S / 2020/90) Ermənistan tərəfindən törədilən bir neçə hərbi cinayətin miqyası, müxtəlifliyi və ardıcıllığı barədə sübutlar toplanıb. Hesabatda nəzərdən keçirilən cinayətlərin bəziləri soyqırımına bərabər tutulur. Çünki etnik azərbaycanlılar özlərinin milliyyəti və ya etnik mənsubiyyətlərinə görə təqib obyektinə çevriliblər və müvafiq niyyət də bu qrup qismən məhv etməkdən ibarət olub. Məruzədə göstərilən faktlar, bütövlükdə, dövlətlərin beynəlxalq-hüquqi məsuliyyəti və beynəlxalq cinayət hüququna müvafiq surətdə cavabdehliyin təmin olunması üçün Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq birlik tərəfindən təxirəsalınmaz hərəkətlər tələb edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: