NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, İspaniyanın “Galicia Digital”, “Style International” və “El Mundo Financiero” internet portallarında 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə bağlı məqalələr yerləşdirilib.
Məqalələrdə 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusunun yaradıldığı qeyd olunur. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk Müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.
Diqqətə çatdırılır ki, Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilmişdi. 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu, Azərbaycan ordusunun 15 generalı bolşeviklər tərəfindən güllələndi.
Qeyd olunur ki, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun hərbi paradı keçirildi. Daha sonra hərbi parad 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyinə həsr edildi. Növbəti parad isə 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyinə həsr olundu.
Xüsusi olaraq vurğulanır ki, son illər ərzində Azərbaycanın hərbi potensialı sürətlə artmış, ölkə “Global Fire Power” in 2020-ci il üzrə reytinqinə əsasən 138 ölkə arasında 64-cü pillədə qərarlaşmışdır. Müqayisə üçün bildirək ki, qonşu Gürcüstan ordusu 89-cu, Ermənistan ordusu isə 111-ci pillədə yer tutmuşlar. Bu, bir daha onu göstərir ki, hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradılıb, ölkədə mindən çox hərbi təyinatlı məhsul istehsalı həyata keçirilir. İstehsalı olunan məhsullar dünyanın bir sıra aparıcı beynəlxalq sərgilərində nümayiş olunur.
Azərbaycan Ordusu beynəlxalq terrorizmə qarşı mübarizədə də fəallıq göstərir. 1999-cu ildən müxtəlif regionlarda keçirilən sülhməramlı əməliyyatlarda Azərbaycan Ordusunun 3000-dən çox hərbi qulluqçusu iştirak edib.