Amerikanın “Jewish Journal” nəşrində Xocalı qətliamının möcüzəvi şəkildə sağ qalan şahidi Dürdanə Ağayevanın Azərbaycana qarşı davam edən erməni təcavüzünün qurbanlarına çevrilmiş azərbaycanlı məcburi köçkünlərin taleyi barədə məqaləsi dərc olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Dürdanə Ağayeva öz məqaləsində doğma şəhəri Xocalını sonuncu dəfə 1992-ci il fevralın 26-na keçən gecə, erməni ordusu tərəfindən işğal edilən və dinc əhaliyə qarşı kütləvi qətliamlar törədilən gün gördüyünü yazır. Müəllif qeyd edir ki, o gündən 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, qaçqın və məcburi köçkün vəziyyətində olan bir milyondan artıq digər dinc sakinlər kimi, o da hələ öz doğma yurduna qayıda və yaxınlarının qəbirlərini ziyarət edə bilmir.
Daha sonra müəllif məqalədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi Ancelina Coliyə ünvanlanan, Azərbaycan qaçqınlarının və məcburi köçkünlərinin taleyinə həsr edilən məktubu amerikalı oxucuya təqdim edir. Məktubda Azərbaycanın məcburi köçkünlərindən birinin, 1993-cü ilin oktyabrında erməni ordusu tərəfindən Azərbaycanın Zəngilan rayonundan işğal və etnik təmizləmə nəticəsində qovulan 96 yaşlı Sarabəyim Mustafayevanın tarixçəsindən söhbət açılır. Onun simasında Azərbaycan Respublikasına qarşı erməni təcavüzünün qurbanına çevrilmiş bütün azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyindən xəbər verilir.