Milli Məclisin növbədənkənar sessiyası başa çatıb - FOTOLAR
İyunun 30-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova gündəliyi təqdim edib. Bildirib ki, gündəliyə 7 məsələ daxildir və sənədlərin hamısı üçüncü oxunuşda olan qanun layihələridir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəliyə bir zərfdə daxil olmuş dörd məsələ - Vergi Məcəlləsinə, “Notariat haqqında”, “Sosial sığorta haqqında” və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanunlara təklif olunan dəyişikliklər barədə (üçüncü oxunuş) məlumat verib. Qeyd edilib ki, bu sənədlərə təklif olunan dəyişikliklər elektron notariat və elektron məhkəmə sistemlərinin digər informasiya sistemləri ilə məlumat mübadiləsinin aparılması üçün qanuni əsas yaratmaq məqsədi daşıyır. Bu, eyni zamanda, vətəndaşın dövlət orqanına müraciətini minimuma endirmək və dövlət orqanlarının vətəndaşdan tələb etdiyi informasiyanı almaq imkanı yaradacaq. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Prezident İlham Əliyev tərəfindən bir məktubda daxil olmuş növbəti üç məsələ barədə məlumat verərək bildirib ki, üçüncü oxunuşda təqdim edilən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Qrant haqqında” qanunlara təklif edilən dəyişikliklər rəqəmsal texnologiyanın inkişafı nəticəsində elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədini daşıyır. Bununla yanaşı, “Elektron imza və elektron sənəd haqqında” Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron sistemindən istifadə zamanı sənədlərin əldə edilməsinin asanlaşdırılmasını nəzərdə tutur. Qanunlara, həmçinin uyğunlaşdırma xarakterli dəyişikliklər də təklif olunur.
Hər üç sənəd ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.
Milli Məclisin Sədri Sahibə Qafarova çıxış edərək bildirib ki, həm iclasın, həm də növbədənkənar sessiyanın gündəliyinə daxil olan məsələlər başa çatıb. Növbədənkənar sessiya dövründə Milli Məclisin 8 iclası keçirilib, 35 qanun və qərar qəbul edilib.
Sahibə Qafarova əminliklə qeyd edib ki, bu qanunvericilik aktları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hərtərəfli islahatların, quruculuq işlərinin hüquqi bazasını daha da möhkəmləndirməyə və təkmilləşdirməyə kömək edəcək.
Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində zəruri tədbirlərin görüldüyünü söyləyən Sədr deyib ki, pandemiya dövrünün şərtləri nəzərə alınmaqla, xaricdəki həmkarlar ilə videokonfrans formatında bir sıra görüşlər keçirilib və danışıqlar aparılıb.
Sahibə Qafarova həm yaz, həm də növbədənkənar sessiyalarda görülmüş işlərin gələn sessiyanın da uğurlarına möhkəm zəmin yaradacağına inamını bildirib və səmərəli fəaliyyət üçün deputatlara təşəkkürün ifadə edib.
Milli Məclisin Sədri deyib: “Bildiyiniz kimi, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qərarı ilə hər il iyunun 30-da Beynəlxalq Parlamentarizm Günü qeyd edilir. Bu gün biz qürurla söyləyə bilərik ki, Azərbaycan xalqının zəngin parlamentarizm ənənələri vardır və dünya miqyasında parlamentarizmin inkişafına xalqımız da dəyərli töhfələr verib.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, eləcə də bu günün parlamentarizm modelinə uyğun gələn qanunvericilik orqanının təsis edilməsi Azərbaycan xalqının demokratik düşüncəyə və həyat tərzinə, ümumbəşəri dəyərlərə bağlı olduğunu göstərib. Azərbaycan parlamenti öz fəaliyyətini demokratik prinsiplər əsasında qurub. Dünyada birincilər sırasında və Şərq aləmində ilk dəfə olaraq bu parlament qadınlara seçki hüququ verib.
1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra digər dövlət orqanları kimi onun parlamenti də ləğv edilib. Sovet hakimiyyəti dövründə qanunvericilik orqanı məhdud səlahiyyətlərə malik olub. Lakin belə bir şəraitdə də Azərbaycan xalqı parlamentarizm ənənələrini qoruyub saxlaya bilib. Sovet İttifaqının tərkibində Azərbaycan müstəqil dövlət olmasa da, həmin dövr gələcək dövlət müstəqilliyi üçün əsasların formalaşması baxımından mühüm rol oynayıb. Xüsusən dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969–1982-ci illərdə Azərbaycanda heyrətamiz quruculuq və yaradıcılıq dövrü yaşanıb. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edəndə Azərbaycanın böyük sosial-iqtisadi və intellektual potensialı var idi”.
Müstəqilliyinin ilk illərində xalqımızın ağır böhran və sarsıntılarla üzləşərək çıxılmaz vəziyyətə düşdüyünü xatırladan Milli Məclis Sədri deyib: “Azərbaycan Respublikası XX əsrin əvvəllərində mövcud olmuş müstəqil dövlətimizin aqibətini yaşamaq təhlükəsi qarşısında idi. Lakin 1993-cü ilin iyun ayında böyük siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanıb dağılmaqdan, müstəqil dövlətimizi məhv olmaqdan xilas etdi. Ulu Öndərin böyük siyasətə qayıdışı onun Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə başlamışdır. Heydər Əliyev 1993-cü ilin oktyabrında Prezident seçilənədək dörd ay parlamentə rəhbərlik etmişdir. Xilaskarlıq missiyasını həyata keçirmək yolunda onun ilk addımları məhz bu dövrdə və bu binada başlamışdır. Heydər Əliyevin Azərbaycan parlamentinin Sədri seçilməsi ölkəmizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırmış və onun peşəkar nümayəndəli orqan kimi formalaşdırılması istiqamətlərini müəyyənləşdirməyə imkan vermişdir”.
Parlamentin Sədri bildirib ki, müstəqil dövlətimizin 1995-ci ildə qəbul edilən Konstitusiyası əsasında səmərəli idarəçilik mexanizmi qurulub, hüquqi dövlətin əsas atributlarından olan real hakimiyyət bölgüsü həyata keçirilib, peşəkar parlament – Azərbaycan Respublikasının Milli Məclisi formalaşdırılıb. Ötən dövrdə Azərbaycan parlamenti ölkədə həyata keçirilən demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, genişmiqyaslı siyasi, iqtisadi, sosial və hüquqi islahatların qanunvericilik bazasını təmin etməyə nail olub, Azərbaycanın dünya birliyinə inteqrasiyası üçün əsaslı zəmin yaradıb. Milli Məclis bir çox ölkələrin parlamentləri ilə qarşılıqlı surətdə faydalı əlaqələr qurub, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının parlament məclislərinin fəal üzvü olub.
Milli Məclisin Sədri diqqətə çatdırıb ki, bu gün dünyanın tanınmış siyasi liderləri və dövlət başçıları sırasında layiqli yer tutan Prezident İlham Əliyev ölkəmizdə parlamentarizm ənənələrinin inkişafına böyük töhfələr verib. Dövlətimizin başçısı İlham Əliyev 8 il Azərbaycan parlamentinin deputatı olub. O, Avropa Şurasının Parlament Assambleyasında nümayəndə heyətimizə uğurla rəhbərlik edib, parlament Assambleyası Sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. Məhz həmin dövrdə bu təşkilat Azərbaycanın haqq işini dəstəkləyən bir neçə sənəd qəbul edib.
“Prezident İlham Əliyev Milli Məclisin fəaliyyəti ilə bağlı məsələləri dərindən bildiyinə görə qanunvericilik orqanına çox böyük diqqət, qayğı və hörmət göstərir. Dövlətimizin başçısı Konstitusiyada təsbit edilmiş qanunvericilik təşəbbüsü hüququna əsaslanaraq müasir standartlara uyğun olan çoxsaylı qanun layihələrinin hazırlanmasını və parlamentə təqdim olunmasını təmin edir. Azərbaycan parlamentində qanunyaratma və qanunvericilik fəaliyyətinin daha da təkmilləşməsi üçün görülən tədbirlər Prezident tərəfindən qətiyyətlə dəstəklənir. Ölkəmizdə parlamentarizm ənənələrinin inkişafından danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Mehriban xanım 12 ilə yaxın müddət ərzində bizim həmkarımız olub, deputat kimi xalqımıza və dövlətimizə xidmət edib. O, ölkəmizdə parlament mədəniyyətinin inkişafında mühüm rol oynayıb, dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak edib. Mehriban xanım bir sıra qanunların təşəbbüsçüsü, o cümlədən 4 amnistiya aktının müəllifidir. O, Milli Məclisin beynəlxalq əlaqələrinin möhkəmlənməsi üçün çox işlər görüb, Azərbaycan parlamentini xaricdə layiqincə təmsil edib.
Bu gün Azərbaycan Respublikasının Milli Məclisi qanunvericilik hakimiyyəti səlahiyyətlərini uğurla yerinə yetirir. 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti qurucularının yaratdıqları dövlətçilik və parlamentarizm ənənələri indiki Azərbaycan Respublikası dövlətinin və parlamentinin fəaliyyətində layiqincə davam və inkişaf etdirilir. Azərbaycanda parlamentarizm ənənələrinin inkişafı sahəsində keçilmiş yola və görülmüş işlərə məhz bu gün nəzər salmağın real əsası və rəmzi mənası vardır. Mən Beynəlxalq Parlamentarizm Günü münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm, hər birinizə möhkəm can sağlığı, parlament fəaliyyətində uğurlar arzulayıram”, - deyə Sədr vurğulayıb.
Sonra Beynəlxalq Parlamentarizm Günü münasibətilə Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsi ilə Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin birgə hazırladığı videoçarx nümayiş etdirilib.
İclasın sonunda Milli Məclisin Sədri Sahibə Qafarova Milli Məclisin növbədənkənar sessiyasını bağlı elan edib.
Azərbaycanın dövlət himni səsləndirilib və parlamentin növbədənkənar sessiyası öz işini başa çatdırıb.