9 iyul Azərbaycan diplomatlarının peşə bayramıdır

Uğurlu xarici siyasət kursu güclü dövlətçiliyin qarantıdır

A- A A+

Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2007-ci il tarixli Sərəncamı ilə hər il 9 iyul tarixi Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir.

Müstəqilliyimiz bərpa olunduqdan sonra digər sahələrdə olduğu kimi, diplomatiya sahəsində də əldə olunmuş uğurlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Böyük dövlət xadiminin hakimiyyətə qayıdışı ilə ölkəmizin tarazlaşdırılmış xarici siyasətinin həyata keçirilməsi Azərbaycanı beynəlxalq birliyin nüfuzlu üzvünə çevirmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən tarixi təcrübə və yerləşdiyimiz regionun geosiyasi çətinlikləri kimi amillər nəzərə alınaraq, Azərbaycanın çoxistiqamətli və tarazlaşdırılmış xarici siyasət strategiyası müəyyən edilmişdir. Məhz onun təşəbbüsü və rəhbərliyi altında bu siyasət özünün mahiyyəti və məzmunu etibarilə elmi əsasda dərindən düşünülmüş konsepsiyaya söykənərək hazırlanmaqla bərabər, həm də siyasi səriştə ilə ardıcıl olaraq həyata keçirilməyə başlandı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: "Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətidir, Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin."

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu Azərbaycanın milli maraqlarına əsaslanan çoxistiqamətli və dinamik xarici siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin inkişafının yeni mərhələsinə, dövrün çağırış və tələblərinə uyğun olaraq yeni strateji hədəflər müəyyən olunur və həyata keçirilir. Azərbaycan ikitərəfli və çoxtərəfli formatlarda BMT-nin Təhlükəsizlik Şurası və digər strukturları, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Demokratiya və İnkişaf Naminə Təşkilat, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası, Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası, OPEC+ və digər beynəlxalq və regional təşkilatlarla fəal əməkdaşlığını davam etdirir. Bir sıra hallarda məhz Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsində və səmərəliliyin artırılmasında mühüm rol ­oynayır.

“Bakı prosesi”, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Cənub Qaz Dəhlizi, eləcə də onun tərkib hissəsi olan Cənubi Qafqaz boru kəməri, TANAP və TAP kimi beynəlxalq layihələr, o cümlədən bir sıra yaxın dövlətlərlə üçtərəfli və hətta dördtərəfli əməkdaşlıq formatları Azərbaycanın təşəbbüsü və yaxud dəstəyi ilə reallığa qovuşmuşdur. Hazırda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə işlərin yekunlaşdırılması davam etdirilməkdədir. Bu gün Azərbaycanın Cənubi Qafqazın aparıcı dövlətinə və bir sıra beynəlxalq enerji­-kommunikasiya layihələrinin mərkəzinə çevrilməsi və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması məhz dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu diplomatiyasının nəticələridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycan xarici siyasət sahəsində böyük uğurlar əldə edib. Biz beynəlxalq arenada öz milli maraqlarımızı bundan sonra da müdafiə edəcəyik. Biz bu gün dünyada çox böyük hörmətə malik olan ölkə kimi tanınırıq. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır”.

Azərbaycan öz xarici siyasətində multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoqun inkişafına nail olması, humanitar və mədəni diplomatiya kursumuzun davam etdirilməsi, Azərbaycan Respublikası vətəndaşlarının xarici ­ölkələrdə hüquqlarının müdafiəsi və konsulluq dəstəyinin göstərilməsi, dünya azərbaycanlıları ilə əlaqələrin və diaspor fəaliyyətinin inkişaf etdirilməsi kimi məsələlərə xüsusi əhəmiyyət verir.

Azərbaycanda ölkə Prezidenti tərəfindən həyata keçirilən uğurlu xarici siyasət xətti Naxçıvan Muxtar Respublikasına da öz müsbət təsirini göstərmiş, muxtar respublikanın xarici əlaqələri genişlənmişdir. Muxtar respublika ilə əlaqə qurmaq istəyən dövlətlərin, beynəlxalq təşkilatların, həmçinin muxtar respublikaya səfər edən yüksək səviyyəli nümayəndə heyətlərinin sayı ildən-ilə artır, həyata keçirilən islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən digər dövlətlərə və onların muxtar qurumlarına nümunə kimi göstərilir.

Dövlətimizin maraqlarının və xalqımızın milli varlığının qorunmasında diplomatiyanın xüsusi əhəmiyyət daşıdığını qeyd edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  cənab Vasif Talıbov demişdir: “Hər bir ölkənin diplomatiyası o ölkənin qürur mənbəyidir. Milli dövlətçiliyi və dövlət sərhədləri olan ölkələr istər-istəməz beynəlxalq münasibətlər sisteminin subyektinə çevrilirlər. Bu mənada diplomatiya dövlətçiliklə birbaşa bağlıdır və ondan kənarda ölkələrarası münasibətlər mümkün deyil. Diplomatiya sıravi peşələrdən deyil. O, xalqın milli və siyasi maraqlarına birbaşa təsir göstərən fəaliyyət sahəsidir. Yaxşı işlənmiş və əsaslandırılmış diplomatiyası olmayan dövlətlər siyasi səhnədən silinməyə məhkumdurlar”.

Ötən dövrdə blokadanın yaratdığı əsas problemlər müvəffəqiyyətlə həll edilmiş, nəqliyyat və kommunikasiya sahəsindəki çətinliklər aradan qaldırılmış, İran və Türkiyə ilə əlaqələr qurulmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində digər dövlətlər və beynəlxalq təşkilatlarla da qarşılıqlı faydalı əməkdaşlıq üçün zəmin yaranmışdır. Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşünün, Azərbaycan, Türkiyə və İran Xarici İşlər nazirlərinin, eləcə də türkdilli ölkələrin gömrük xidməti rəhbərlərinin, Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşlərinin Naxçıvanda keçirilməsi, Türkdilli Ölkələrin Parlament Assambleyası baş katibinin Naxçıvana səfər etməsi, Naxçıvanda Avropa Günlərinin keçirilməsi, Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi muxtar respublikanın xarici siyasət konteksində əhəmiyyətinin mühüm göstəricisidir.

Azərbaycanın xarici siyasətdə əldə etdiyi uğurlar fonunda Naxçıvan Muxtar Respublikasının da xarici əlaqələri sürətlə genişlənir. Xatırladaq ki, hələ ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan zaman Azərbaycanın həmsərhəd və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla iqtisadi, ticarət, elmi-texniki və mədəni münasibətlərinin genişlənməsinə, Naxçıvan Muxtar Respublikasının da bu münasibətlərdə iştirakına mühüm diqqət yetirirdi. Bu siyasətin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüsü ilə 2005-ci ilin 31 oktyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin yaradılması haqqında Fərman imzalamışdır. İdarənin yaradılması ilə Azərbaycanın xarici əlaqələrində muxtar respublikanın iştirakı daha da genişlənmiş, Azərbaycan Respublikasının vahid xarici siyasi xəttinin həyata keçirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq vəzifə və funksiyalarının Naxçıvan Muxtar Respublikasında fasiləsiz və ardıcıl həyata keçirilməsi təmin olunmuşdur. İdarə yarandığı gündən öz səlahiyyətləri daxilində Naxçıvan Muxtar Respublikasını xarici dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərdə təmsil edir, Naxçıvan Muxtar Respublikasının səlahiyyətləri daxilində bağladığı müqavilə layihələrinin hazırlanmasını, danışıqların hazırlanması və aparılmasını, muxtar respublikada dövlət protokolunun həyata keçirilməsini təmin edir, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən xarici dövlətlərin konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin, eləcə də muxtar diyara səfər edən xarici nümayəndə heyətlərinin dövlət hakimiyyəti orqanları ilə münasibətlərini və fəaliyyətlərini əlaqələndirir. Bundan başqa, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin Naxçıvan Beynəlxalq Hava Limanında viza sektoru fəaliyyət göstərir.

Hazırda idarənin işinin səmərəli təşkili üçün kadrların seçilməsi və onların peşəkarlıq qabiliyyətlərinin yüksəldilməsinə xüsusi diqqət yetirilir. İdarədə fəaliyyət göstərən diplomatlar mütəmadi olaraq ADA Universitetində və bir çox xarici ölkələrdə təşkil olunmuş diplomatik kurslarda iştirak edir, təcrübə, bilik və bacarıqlarını artırırlar. 2019-ci ildə əməkdaşlardan 1-i Türkmənistanda, 1-i Çində, 1-i Malayziyada, 1-i Hindistanda, 1-i Yaponiyada, 2-si Latviyada və 1-i isə Estoniyada təşkil olunmuş ixtisasartırma kurslarında iştirak etmişlər. Ötən dövrlərdə idarədən Azərbaycanın xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə 26 əməkdaş ezam olunmuşdur.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin kollektivi ölkəmizin siyasi maraqlarının qorunmasında bundan sonra da yorulmadan fəaliyyət göstərəcəkdir.

 

Azərbaycan Respublikası

Xarici İşlər Nazirliyinin

Naxçıvan Muxtar Respublikasındakı İdarəsi

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: