Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizəyə həsr olunmuş videokonfrans formatında xüsusi sessiyasının çağırılması təşəbbüsünə BMT Baş Assambleyasının Prosedur Qaydalarına uyğun olaraq tələb olunandan da əhəmiyyətli sayda artıq dövlət tərəfindən dəstək bildirilib.
BMT-nin Baş katibi iyunun 30-da bütün üzv dövlətlərə təmimi nota göndərərək, təşəbbüsə BMT üzv dövlətlərinin əksəriyyəti tərəfindən dəstək verildiyini və bu xüsusda, Baş Assambleyanın Prosedur Qaydalarının müvafiq bəndlərinə uyğun olaraq Baş Assambleyanın 31-ci xüsusi sessiyasının iyulun 10-da çağırılacağını bildirib.
Qeyd etmək istərdik ki, hazırda Baş Assambleyanın rəsmi iclaslarının virtual formatda keçirilməsi üçün razılaşdırılmış format və modallıqlar mövcud deyil və əvvəlki xüsusi sessiyalarda olduğu kimi, hazırkı sessiyanın da modallıqları üzv dövlətlər arasında razılaşdırılacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında yer alıb.
Açıqlamada deyilir ki, xüsusi sessiyanın başlanğıcında prosedur xarakterli məsələlərə baxılması, daha sonrakı mərhələdə isə milli qisimdə çıxışların dinləniləcəyi ümumi müzakirələr seqmentinin baş tutması planlaşdırılır. Baş Assambleyanın 74-cü sessiyasının sədrini təmsil edən Nigeriyanın nümayəndə heyətinin rəhbəri xüsusi sessiyanın müvəqqəti sədri qismində çıxış edəcək.
“İnanırıq ki, 10 iyul tarixində başlayacaq xüsusi sessiya pandemiya ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin artmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhdidə qarşı beynəlxalq cavabın tapılmasına öz töhfəsini verəcək.
Azərbaycanın təşəbbüsünü dəstəkləyən hər bir ölkəyə bir daha təşəkkürümüzü ifadə edir və xüsusi sessiyanın işinə uğurlar arzulayırıq”, - deyə açıqlamada bildirilir.