İyulun 9-da MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) və MDB-nin humanitar əməkdaşlıq üzrə Şurasının onlayn rejimdə birgə iclası təşkil olunub.
Ölkəmizin Moskvadakı səfirliyində NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, iclasda DHƏF-in İdarə Heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, DHƏF-in İdarə Heyətinin həmsədri, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, DHƏF-in icraçı direktoru Anatoli İksanov, MDB-nin İcraiyyə Komitəsi sədrinin - icraçı katibinin müavini Aqıbay Smaqulov və MDB-nin İcraiyyə Komitəsinin digər rəhbər üzvləri, həmçinin Rusiyanın Xarici İşlər Nazirliyinin və Mədəniyyət Nazirliyinin təmsilçiləri iştirak ediblər.
Polad Bülbüloğlunun sədrlik etdiyi iclasda DHƏF-in cari məsələləri nəzərdən keçirilib.
Ermənistan respublikasının nümayəndəsi, Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Ara Xzmalyan gözlənilmədən DHƏF-in İdarə Heyəti sədrinin vaxtından əvvəl yenidən seçilməsi barədə mövzunun iclasın gündəliyinə salınması barədə məsələ qaldırıb.
Məlumat üçün bildirək ki, DHƏF-in İdarə Heyətinin sədri ikiillik müddətə seçilir. 2010-cu ildən sədr vəzifəsini Polad Bülbüloğlu tutur. Yeni seçkilər 2020-ci ilin sonuna nəzərdə tutulub.
Bu provokasiya iclas iştirakçılarının mənfi reaksiyana səbəb olub. Lakin Polad Bülbüloğlu açıq demokratik seçkilərin keçirildiyi daxili qaydalara müvafiq olaraq, Ara Xzmalyanın bu təklifini qəbul edərək məsələni səsverməyə çıxarıb. Səsvermə nəticəsində Ermənistan nümayəndəsinin təklifi sarsıdıcı məğlubiyyətə uğrayıb. MDB-yə üzv olan 9 dövlətin nazirlər səviyyəsində 8 nümayəndəsi Azərbaycan təmsilçisinin xidmətlərini və təcrübəsini nəzərə alaraq, Ermənistanın təklifinin iclasın gündəliyinə salınmasının əleyhinə səs veriblər.
Son 10 il ərzində DHƏF-in İdarə Heyəti hər iki ildən bir DHƏF-in ictimai əsaslarla sədri vəzifəsinə Polad Bülbüloğlunun namizədliyini irəli sürüb. Hər dəfə onun namizədliyinin lehinə, Ermənistan nümayəndəsi də daxil olmaqla, İdarə Heyətinin bütün üzvləri yekdilliklə səs veriblər.
Yeni seçkilərə yarım il qalmış Ermənistan nümayəndəsinin belə bir təkliflə çıxış etməsi təəccüb doğurur. Əminik ki, bu, Fondun İdarə Heyətinin sədrinin məhz Azərbaycan təmsilçisi olması ilə bağlıdır.
Bu səsvermə Polad Bülbüloğlunun MDB məkanında yüksək nüfuza malik olmasını bir daha təsdiqlədi.
Bundan əlavə, Ermənistan təmsilçisinə xatırlatmağı zəruri hesab edirik ki, bu il Polad Bülbüloğlu Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun “Humanitar əməkdaşlığın inkişafında xidmətlərinə görə” medalı ilə təltif olunub. Həmin medal daha əvvəl Azərbaycan səfirinə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov tərəfindən MDB ölkələri səfirlərinin, o cümlədən Ermənistan səfirinin də iştirak etdiyi təntənəli mərasimdə təqdim olunub.