Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumunu şiddətlə qınayırıq. Dost və qardaş Azərbaycan xalqına və hökumətinə şəhidlərə görə başsağlığı verir, yaralılara şəfa diləyirik.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərməsi ilə bağlı yaydığı açıqlamada bildirib. Qeyd edilir ki, Ermənistanın xəstə təfəkkürlü millətçilik anlayışının yeni bir forması olan bu hücumun qarşısının Azərbaycan tərəfindən qətiyyətlə alınması təcavüzkar niyyətin cavabsız qalmayacağını göstərib.
Vurğulanır ki, Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonları illərdən bəri əsasız olaraq işğalda saxlaması faktından yayındırmaq üçün münaqişəyə yeni bir don geyindirməsi, problemin siyasi həllinin qarşısını kəsmək üçün göstərdiyi təcavüz cəhdi nəticəsiz qalmağa məhkumdur.
Ermənistan tərəfi bu cür təhlükəli taktikalardan əl çəkməli, ağıllı və hüquqi yol seçməlidir. Həddini aşan əməllərlə sərgüzəştlik etmək Ermənistanın zəifliyini ortaya qoyur, bölgəmizdəki sülh və sabitliyə qarşı böyük maneə yaradır. Ermənistanın öz təcavüzkarlığını ört-basır etmək cəhdlərinin beynəlxalq ictimaiyyət tərəfindən heç bir şəkildə qəbul edilməyəcək.
Türkiyə ərazi bütövlüyünü qorumaq mübarizəsində bütün imkanları ilə Azərbaycanın yanında yer almaqda davam edəcək.