“Israel HaYom”: Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar
Cənubi Qafqazın iki ölkəsinin silahlı qüvvələri bu dövlətlərin şimal sərhədində qarşılıqlı zərbələr endiriblər. Azərbaycan tərəfi iki əsgərini itirdiyini və onlarca erməni hərbi qulluqçusunun öldürüldüyünü bildirir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, jurnalist Neta Bar bu barədə İsraildə çıxan ivritdilli populyar “Israel HaYom” qəzetində yazır.
Məqalə müəllifi bildirir ki, bu hərbi toqquşma Dağlıq Qarabağ ətrafında silahlı münaqişə vəziyyətində olan Azərbaycan ilə Ermənistan arasında münaqişə zonasından uzaqda baş verib. Neta Bar vurğulayır: “Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə hərbi insident Ermənistan silahlı qüvvələri bölmələrinin hərbi əməliyyatları nəticəsində baş verib. Onlar Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan ordusunun mövqelərini ələ keçirmək məqsədilə artilleriyadan istifadə etməklə hücuma keçməyə cəhd göstəriblər. Məlumatda bildirilir ki, atışma erməni piyada qoşunlarının Azərbaycan ordusunun mövqelərini tutmaq cəhdi ilə müşayiət olunub, lakin bu cəhd baş tutmayıb”.
Məqalədə qeyd edilir ki, Azərbaycan mənbələrində yazılana görə, Azərbaycan ordusunun iki əsgəri həlak olub və ermənilərin hərbi qulluqçuları məhv edilib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib: “Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini artilleriya silahlarından atəşə tutublar.
Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-hücumu nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Erməni tərəfi hər hansı ərazi tutmağa nail olmayıb.
Ermənistan tərəfindən sərhəddə törədilmiş provokasiya bir daha sübut edir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə nizamlanmasında maraqlı deyil. Biz beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini və sərhəddə provokasion hərəkətlərini qətiyyətlə pisləməyə çağırırıq. Yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”.
Məqalə müəllifi vurğulayır ki, 1994-cü ildə Azərbaycan və Ermənistan ağır hərbi əməliyyatlardan sonra atəşkəs haqqında müqavilə imzalayıb və Dağlıq Qarabağ ətrafında silahlı münaqişəyə münasibətdə atəşkəs rejimi müəyyən ediblər.
İsraildə çıxan ivritdilli “Israel HaYom” qəzeti sonda yazır: “Bu regionda erməni əhali yaşayır, azərbaycanlı əhali Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsi olan bu torpaqlardan etnik təmizləmə nəticəsində qovulub. Sülh danışıqlarının davam etməsinə baxmayaraq, regionda vəziyyət çox gərgin və partlayış təhlükəli olaraq qalmaqdadır”.