Bu gün səhər saatlarında bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endiriblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı jurnalistlərə müsahibəsində deyib.
V.Dərgahlı qeyd edib ki, səhər saatlarında bölmələrimiz tərəfindən həyata keçirilən tədbirlər nəticəsində düşmənin dərinlikdə olan mövqelərinə, dayaq məntəqəsinə, artilleriya qurğularına, avtomobil texnikasına və canlı qüvvəsinə zərbələr endirilib. Bu zərbələr nəticəsində düşmən xeyli itki verib. Sadəcə olaraq, düşmən tərəfi həmişə olduğu kimi, öz itkilərini gizlətməyə cəhd göstərir. Yəqin ki, yaxın saatlarda bu barədə məlumat verəcəklər. Dünən və gecə vaxtı bu istiqamətdə gedən döyüşlərdə, təəssüf ki, Azərbaycan Ordusunun bölmələri də itki verib. Dörd hərbi qulluqçumuz şəhid olub, yaralılar var. Yaralılara dərhal yerində tibbi yardım göstərilib, onların həyatları üçün heç bir təhlükə yoxdur. Allahdan şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik!.
“Xalqımız da bilsin ki, Azərbaycan Ordusunun bölmələri şəhidlərimizin qanını yerdə qoymayacaq. Cəza tədbirləri davam etdiriləcək”, - deyə V.Dərgahlı xüsusi vurğulayıb.