Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlərinin telefon danışığı olub

A- A A+

İyulun 13-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov ilə telefonla danışıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində hücum cəhdinin qarşısının alınması, bölgədə davam edən gərginlik barədə rusiyalı həmkarına məlumat verib. O, Ermənistanın bu təxribatının bölgədə vəziyyətin daha da gərginləşməsinə, üçüncü ölkələrin Ermənistan-Azərbaycan münaqişəsinə cəlb edilməsinə xidmət etdiyini bildirib, Ermənistanın gücdən istifadə etmək cəhdinin yolverilməz olduğunu və bu kimi təxribatların bundan sonra da layiqincə cavabının veriləcəyini vurğulayıb.

Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bilavasitə ATƏT-in məşğul olduğu və münaqişənin hər iki tərəfinin bu təşkilatın tamhüquqlu üzvü olduğu qeyd edilib.

Nazir S.Lavrov bölgədə gərginliyin artmasının yolverilməz olduğunu və vəziyyətin nəzarət altına alınmasının vacibliyini qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: