“Seoul City”: Ermənistanın hücumu təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır - FOTOLAR

A- A A+

Cənubi Koreyanın "Seuol City" qəzetinin ingilis və koreya dilindəki saytlarında Ermənistan silahlı qüvvələrinin Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti təxribatı barədə məlumat yayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, məqalədə qeyd olunur ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutublar.

Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb, Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb.

Məqalədə Ermənistanın bu hücumu təcavüz, güc tətbiq etmək aktı və növbəti təxribat kimi qiymətləndirilib. Qeyd olunub ki, Ermənistan belə hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatlar, həm də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir. Habelə Ermənistan rəhbərliyi bu yolla yarıtmaz siyasət nəticəsində COVID-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır.

Yazıda Ermənistanın BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəliklərini kobud şəkildə pozaraq, Azərbaycana qarşı hərbi təcavüz etməklə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etdiyi bildirilir. Qeyd edilir ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur. Dünya birliyi COVID-19-a qarşı mübarizə apardığı halda Ermənistan tərəfindən bu hücum və təxribat əməli törədilib. Bu hal və Ermənistanın davamlı olaraq atəşkəsi pozması bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVID-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyil.

Sonda beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə qınamağa çağırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: