İngilisdilli populyar “Daily News Hungary” nəşrində Ermənistan silahlı qüvvələrinin iki ölkənin sərhədində Azərbaycana qarşı sonuncu provokasiyası barədə xəbəri dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatda Azərbaycanın Tovuz rayonundakı mövqelərinin erməni artilleriyası tərəfindən atəşə tutulduğu bildirilir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin Təhlükəsizlik Şurasının dünənki iclasındakı çıxışından sitatlar, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin şərhləri misal gətirilir.
Materialla yanaşı dərc edilmiş artilleriya mərmilərinin qəlpələrinin, dağılan evlərin fotoşəkilləri əyani şəkildə sübut edir ki, Ermənistanın silahlı qüvvələri məhz mülki obyektləri və dinc əhalini hədəf seçirlər. Ermənistan rəhbərliyi isə bunu həyasızcasına inkar etməyə çalışır.