Misirin “Asiyaelyoum” informasiya agentliyi Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasından xəbər yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, xəbərdə Azərbaycanın dövlət başçısının Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunda törətdiyi təxribatla bağlı fikirləri yer alıb. Vurğulanıb ki, Prezident İlham Əliyev işğalçı ölkənin hərbi təcavüzündən danışarkən deyib: “Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq”.
İnformasiya agentliyinin xəbərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və rəsmi Yerevanın bu sənədlərə məhəl qoymaması, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə münaqişənin nizama salınması üzrə aparılan danışıqlar barədə misirli oxuculara ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, bütün bu məsələlər Azərbaycanın Misirdəki səfirliyinin Ermənistanın hərbi təxribatı ilə bağlı bəyanatında öz əksini tapıb.