Azərbaycanın Ukraynadakı Ticarət Evi beynəlxalq təşkilatlardan Ermənistanın azğınlaşmış təxribatlarına qarşı ciddi ölçü götürülməsini tələb edir

A- A A+

Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni hərbi qüvvələri tərəfindən törədilən qanlı təxribatla əlaqədar Azərbaycanın Ukraynadakı Ticarət Evi bəyanat yayıb.

NUHÇIXAN İnformasiya Agentliyinə daxil olan bəyanatda deyilir: “12 iyul 2020-ci il tarixindən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədində, Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti qanlı təxribat dünyanın müxtəlif ölkələrində olduğu kimi, Ukraynada yaşayan soydaşlarımızın və bu ölkədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarının ciddi narahatlığına səbəb olub, düşmənin növbəti məkirli siyasəti böyük hiddətlə qarşılanıb.

Azərbaycanın Ukraynadakı Ticarət Evi işğalçı ölkənin növbəti qanlı həmləsini, erməni şovinistlərinin son iki əsrdə ölkəmizə və xalqımıza qarşı həyata keçirtdikləri işğalçılıq və terror siyasətinin davamı kimi qiymətləndirir, BMT, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatlardan Ermənistanın azğınlaşmış təxribatlarına qarşı ciddi ölçü götürülməsinin vacibliyini bildirir”.

Bəyanatda daha sonra qeyd edilir ki, qüdrətli Azərbaycan ordusunun azğınlaşmış erməni təcavüzkarlarını geri oturtması, cəsur zabit və əsgərlərimizin işğalçını ciddi itkilərə məruz qoyaraq bu təxribatın qarşısını alması soydaşlarımızda sonsuz inam və qürur hissi yaradıb. “Azğınlaşmış düşmənin növbəti təxribatını dəf edərkən yüksək çinli zabitlərimizin və əsgərlərimizin qəhrəmancasına şəhid olmasını, bir neçə hərbçimizin yaralanmasını ürək ağrısı ilə qarşılayır, torpaqlarımızın bütövlüyü naminə canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik. Azərbaycanın Ukraynadakı Ticarət Evi olaraq bu ağır günlərdə dövlətimiz, xalqımız və ordumuzla ürəkdən həmrəy olduğumuzu bildirir, Azərbaycanın Ali Baş Komandanının əmrinə müntəzir olaraq istənilan vaxt silaha sarılaraq torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduğumuzu bəyan edirik”, - deyə bəyanatda vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: