Ermənilər sosial şəbəkələrdə qan ağlayırlar: “Aprel döyüşləri təkrarlansa, Azərbaycan Yerevana kimi gələcək”
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində erməni silahlı qüvvələrinin törətdiyi növbəti hərbi təxribat nəticəsində işğalçı ölkənin ordusunda itkilərin sayının artması bu ölkədə böyük xof yaradıb. Ermənilər sosial şəbəkələrdə artıq vahiməyə düşdüklərini gizlətmir, bununla əlaqədar ölkə rəhbərliyini günahlandırırlar. Vurğulanır ki, işğalçı ölkə ciddi itkilər versə də, Ermənistan ordusunun rəsmiləri bu məlumatı gizlədirlər.
Sosial şəbəkələrin ermənidilli seqmentini Ermənistan tərəfinin ciddi itkilər verməsi ilə bağlı paylaşımların müzakirəsi zəbt edib. Etirazçılar, əsgər valideynləri hökumətdən itkilərin sayını düzgün açıqlamağı tələb ediblər. Beləliklə, Ermənistan informasiya maşınının yenidən yalan tirajlaması növbəti dəfə sosial şəbəkələrin gücü ilə tam iflasa uğrayıb.
70 əsgərin öldüyü, 300 yaralının olduğu bildirilir
Sosial mediada paylaşılan statuslardan və yazılan şərhlərdən bəzilərini oxucuların diqqətinə çatdırırıq. Qeyd edək ki, ermənilərin sosial şəbəkələrdə paylaşımları öz dillərində olmaqla yanaşı, həm də rus dilindədir və biz bunlardan istifadə etmişik.
Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Şuşan Stepyanın "Facebook” sosial şəbəkəsində yaydığı açıqlamaya rəy bildirən Maria adlı istifadəçi yazır: "Siz insanları aldadırsınız, mənim qohumum orada qulluq edir, artıq 30-a qədər itkimiz var”.
Diana Arutyunyan adlı "Facebook” istifadəçisi isə vahimə dolu status paylaşıb: "Cəbhədə dəhşətli hadisələr baş verir. Qardaşım zəng edib dedi ki, Azərbaycan tərəfindən artilleriya atəşi açılır. Hospital və klinikalar yaralılarla doludur. Qardaşım ölü əsgərlərlə dolu 3 yük maşınının hərəkət etdiyini görüb. 70 əsgərin öldüyü, 300 yaralının olduğu bildirilir. Amma qardaşım ölülərin gördüyündən daha çox, hətta 200-dən çox ola biləcəyini də dedi. Nə edəcəyimizi bilmirik. Qardaşımla əlaqə itib. Şəhərdə təşviş var. Hökumət isə heç bir şey etmir”.
"Bizdə niyə geri dönən yalnız əsgərlərimizin cənazəsi olmalıdır”
"Odnoklassniki” sosial şəbəkəsində cəbhə xəttinin Tovuz rayonu istiqamətində baş verən hadisə ilə bağlı paylaşılan xəbərə Hayrepet Melkonyan adlı istifadəçinin rəyi daha çox bəyənmə toplayıb: "Aprel döyüşlərindən sonra növbəti qorxunu yaşayırıq. Yalanlardan cana doymuşuq. Niyə ölən əsgərlərimizin sayını düzgün demirsiniz? Müdafiə Nazirliyində işləyən bir tanışım deyir ki, çox itkilər vermişik. Nə vaxtacan belə davam edəcək ? Paşinyan niyə Sarkisyanın yolunu tutmusan? Görəsən, Paşinyan növbəti rəzilliyindən utanırmı?!”
Edqar Qasparyan adlı istifadəçinin "Twitter”də paylaşımı da 100-dən çox "retweet” edilib. O, məhv edilən erməni əsgərin şəkilini paylaşaraq yazıb: "Yalanlarla dolu Ermənistan. Dünən qonşumuz Henrix Baqdasaryanın 19 yaşlı nəvəsinin meyitini gətirdilər. Bizdə niyə geri dönən yalnız əsgərlərimizin cənazəsi olmalıdır. Hakimiyyətə gəlməsi üçün gecələr belə yatmadığımız, dəstək olduğumuz Paşinyan Ermənistanı məhvə aparır”.
"Heç olmasa biri Aprel döyüşlərinin nəticələrini baş nazirə xatırlatsın”
Edvard Şahnazaryan adlı "Facebook” istifadəçisi paylaşdığı statusda bildirib ki, xalqın yalançı Paşinyana inamı artıq tamam tükənib: "Paşinyan, Ermənistan üçün nə etmisən? Gənclərin cəbhədə səbəbsiz ölümündə birbaşa sən təqsirkarsan. Buradan əsgər valideynlərindən xahiş edirəm: övladlarınızın boş yerə, populist, yalançı rejimin maraqları naminə qurban getməsinə mane olun, etiraz edin”.
"Vkontakte” şəbəkə istifadəçisi Davit Nairyanın paylaşılan xəbərə rəyi də daha çox müzakirələrə səbəb olub: "Nikol öz xalqını, dövlətini yeni müharibəyə, ölüm-itimli günlərə sürükləyir. Necə olur-olsun, kim ölür-ölsün, təki özü hakimiyyətdə qalsın. Heç olmasa biri Aprel döyüşlərinin nəticələrini baş nazirə xatırlatsın. Koronavirusdan da çox qorxulu bir vəziyyətlə qarşılaşmışıq. Bugünkü Ermənistan bədbəxtdir, təkdir”.
"Pandemiyadan qırılırıq, indi də gənc uşaqlarımız cəbhədə məhv olurlar”
Onu da əlavə edək ki, "psevdovətənpərvər” ermənilər də tapılır ki, sosial şəbəkələrdə paylaşılan etiraz dolu statuslara qarşı çıxaraq həqiqəti etiraf edənlərə ən sərt formada hücuma keçirlər, "vətən xaini” adlandırırlar. Amma bu mövqedə olanların profillərini diqqətlə araşdırdıqda ortaya maraqlı mənzərə çıxır və bəlli olur ki, bu şəxslərin, demək olar, hamısı "Mənim addımım” blokunun tərəfdarları, hansısa vəzifə tutan şəxslərdir. Elə bundan irəli gəlir ki, onlar şərhlərində yalnız Paşinyan iqtidarını müdafiə edən şərhlər paylaşırlar.
Məsələn, Xaçatur Markaryan "Facebook” sosial şəbəkəsində Paşinyanın şəklini paylaşaraq "Ermənistan sizinlə qürur duyur” şərhi verdikdən sonra çoxsaylı tənqidlərə, təhqirlərə tuş gəlib.
Vazgen Volodyan adlı istifadəçinin bu fotoya şərhi isə daha çox bəyənmə toplayıb: "Yalançı baş nazirlə? Pandemiyadan qırılırıq, indi də gənc uşaqlarımız cəbhədə məhv olur. Bilirsən, Paşinyana o zaman afərin deyərəm ki, oğlunu da təmas xəttinə göndərsin. Vətənə biz yox, Paşinyan və onu burada müdafiə edənlər xəyanət edirlər. Gənc əsgərlərimiz məhv olur, susmalıyıq?”
Nikol Paşinyanın "Facebook”da paylaşımına Arman Araratyanın rəyi çoxlu bəyənmə toplayıb: "Baş nazir, işiniz-gücünüz sosial şəbəkələrdə paylaşımlar etməkdir. Bizə müharibə lazım deyil, uşaqlarımızı çöldən tapmamışıq. Sizə etiraz edən ictimaiyyəti susdurmaqdansa, gedib İlham Əliyevdən nümunə götürün. Müharibə başlasa, düşmən ölkə Stepanakerti (Xankəndi - red.) geri qaytaracaq. Aprel döyüşləri təkrarlansa, Azərbaycan Yerevana kimi gələcək”.
"Əsgər cənazələrini görməkdən bezmişik”
Aprel döyüşləri iştirakçısı Xoren Sarkisyan "Twitter”də çox maraqlı bir statusu ilə diqqət çəkib: "2016-cı ildəki döyüşlərdə sağ qalmağım möcüzə idi. Baş nazirimiz diplomatik sferada İlham Əliyevə uduzur, heç nə demirik. Lakin cəbhədəki döyüşlərdəki məğlubiyyət məni ciddi narahat edir. Niyə düzgün rəqəmləri açıqlamırsınız. Əsgər cənazələri görməkdən bezmişik”.
"Odnoklassniki” sosial şəbəkəsində paylaşılan xəbərə Artur Vardanyanın şərhi də müzakirələrə səbəb olub: "Dostlar, gəlin gördüklərimizi açıq şəkildə etiraf etməkdən çəkinməyək. Rusiyanın Xarici İşlər naziri Lavrovun son bəyanatından sonra çox sevindim. Ona görə ki, Aprel döyüşləri hamımızda böyük qorxu yaradıb. Bəlkə, məni söyəcəksiniz, amma düzünü deməliyəm. Azərbaycan əsgəri qarşısında duruş gətirməyən əsgərlərimizin səngərlərdə silahlarını qoyub qaçmalarını görməkdən bezmişik. Bir neçə gün də davam etsə, çox böyük acılar yaşayacağıq (dua edən əllər işarəsi).
Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur...
Elçin Cəfərov
"Azərbaycan”