Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində iyulun 12-dən başlayan və davam edən hərbi təxribatı ərəb mətbuatı tərəfindən geniş işıqlandırılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) soydaşımız, Əbu-Dabi Universitetinin müəllimi Şəhrizad Süleyman “Sharjah24” internet nəşrində erməni təxribatı, Azərbaycan əsgərlərinin qəhrəmanlığı haqqında silsilə məqalələr dərc etdirir. Bu məqalələrdə BƏƏ ictimaiyyətinə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı barədə də ətraflı məlumat verilir.
Ərəb dünyasının populyar KİV-ləri – “Əl-Cəzirə”, “Əl-Ərəbiyə”, MSB telekanalları, QNA, “Petra”, MENA, WAM informasiya agentlikləri, “Saudigazette”, “Gomhuria” qəzetləri də Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəd bölgəsində törətdiyi təxribat haqqında videomateriallar və xəbərlər yayıblar.