Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdədir - FOTOLAR
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdədir. Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə görüşüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verie ki, görüşdə ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladan Türkiyənin Milli Müdafiə naziri H.Akar Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə həyata keçirdiyi əməliyyatları qətiyyətlə pisləyib. Türkiyənin Milli Müdafiə naziri Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığında vəziyyəti təhlil etdiklərini bildirib.
Ermənistan silahlı bölmələrinin Tovuz rayonu istiqamətində Azərbaycana qarşı həyata keçirdiyi hərbi hücumu şiddətlə qınadıqlarını bir daha ifadə edən nazir deyib ki, Azərbaycan xalqının kədəri kədərimiz, sevinci sevincimizdir. O, döyüşlərdə şəhid olan qəhrəman Vətən övladlarına Allahdan rəhmət, yaralılara şəfa diləyib.
Türkiyəli nazir bildirib: “Azərbaycanın məruz qaldığı hər hansı təcavüzə qarşı indiyədək necə etiraz etmişiksə, bundan sonra da eyni qətiyyətli mövqedən çıxış edəcəyik. Azərbaycanlı qardaşlarımızla daim sıx həmrəyik. Biz Türkiyə Cümhuriyyəti və Türkiyə Silahlı Qüvvələri olaraq hər an Azərbaycanın yanındayıq”.
Səmimi qonaqpərvərliyə və qardaşlıq münasibətlərinə görə minnətdarlığını ifadə edən Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov göstərilən dəstəyə görə Türkiyə dövlətinə və qardaş türk xalqına səmimi minnətdarlığını bildirib. General-leytenant R.Tahirov düşmən ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ölkəmizə qarşı həyata keçirdiyi təxribatlar və davam edən döyüşlər barədə məlumat verib.