Prezidentin köməkçisi “Aljazeera International” kanalında Ermənistanın təcavüzkar siyasətini ifşa edib

A- A A+

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Aljazeera International” kanalında “İnside Story” verilişində Ermənistanın baş naziri Nikol Paşinyanın sabiq diplomatik müşaviri Arsen Xaratyan ilə debata çıxıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Hikmət Hacıyev Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal etdiyini, işğal olunmuş ərazilərdə qanlı etnik təmizləmə törətdiyini qeyd edərək beynəlxalq hüquqa əsasən Ermənistanın hüquqi məsuliyyət daşıdığını bildirib.

Prezidentin köməkçisi danışıqlar prosesində münaqişənin mərhələli şəkildə həll edilməli və bu istiqamətdə ilkin addım kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib, amma Ermənistan baş nazirinin ziddiyyətli bəyanatları ilə danışıqlar prosesini pozduğunu diqqətə çatdırıb. O, münaqişənin həllinin siyasi-hüquqi əsaslarının müəyyən olunduğunu və bunun beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Helsinki Yekun Aktına əsaslandığını bildirib.

H.Hacıyev Ermənistanın atəşkəs rejiminin arxasında gizlənərək Azərbaycan ərazilərinin ilhaqını həyata keçirdiyini, işğal olunmuş torpaqlarımızda qanunsuz əməllər, o cümlədən qanunsuz məskunlaşma siyasəti apardığını vurğulayıb.

Ermənistan baş nazirinin sabiq diplomatik müşavirinin Ermənistanda demokratiya qurulması barədə iddialarına cavab olaraq Prezidentin köməkçisi bildirib ki, demokratiya Ermənistanın danışmalı olduğu sonuncu məsələdir. O, əlavə edib ki, Ermənistanda inqilabi diktatura qurulur, jurnalistlər və müxalifətçilər həbs olunur. Qeyd edib ki, demokratik dövlət digər dövlətin ərazisini işğal etmir və qanlı etnik təmizləmə törətmir.

Qarşı tərəfin qardaş Türkiyəyə qarşı iddialarına cavab olaraq H.Hacıyev Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları irəli sürüldüyünü, Ermənistanda dövlət səviyyəsində şovinizm əsasında “böyük Ermənistan” təbliğatının aparıldığını və gənc nəslin bu ruhda böyüdüldüyünu vurğulayıb. H.Hacıyev Ermənistanın sərhədlərinin bağlı olmasının və Ermənistanın özünü təcrid vəziyyətində yaşamasının günahının bu ölkənin yürütdüyü irticaçı siyasət olduğunu bildirib. O, rasizm, şovinizm prinsipləri əsasında Ermənistanın yeni milli təhlükəsizlik strategiyasının hazırlandığını qeyd edib.

Türkiyə-Ermənistan sərhədinin bağlı olmasına gəldikdə isə Prezidentin köməkçisi Ermənistanın öz ərazisindən hücum edərək Kəlbəcəri işğal etdikdən sonra Türkiyənin BMT Nizamnaməsini əsas tutaraq təcavüzkar ölkə olan Ermənistanla sərhədlərini bağladığını qeyd edib.

Veriliş əsnasında H.Hacıyev dövlət sərhədinin Tovuz istiqamətində baş verən hadisələr, Ermənistanın növbəti təxribatı və hərbi avantürası, mülki insanların Ermənistan tərəfindən qəsdən hədəfə alınması faktlarını diqqətə çatdırıb.

Xəbər ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://www.youtube.com/watch?v=lLnl2I8aSWQ

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: