İyulun 12-dən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu ilə sərhəddə davam edən hərbi təxribat Misir və Körfəz ölkələri KİV-lərinin diqqət mərkəzindədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Misirin “Asiaelyoum” informasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair müşavirədə Ermənistanın hərbi təxribatı haqqında çıxışını yayıb. Agentliyin xəbərində vurğulanır ki, Azərbaycanın dövlət başçısı Ermənistanda demokratiya prinsiplərinin pozulduğunu, Venesiya Komissiyasının tövsiyələrinə məhəl qoyulmadığını, siyasi opponentlərin təqib edildiyini və diktaturanın hökm sürdüyünü bildirib. Həmçinin Ermənistanın hərbi təxribatı Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzundan narahat olduğu üçün törətdiyini vurğulayıb.
Xəbərdə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iyulun 16-da keçirdiyi mətbuat konfransında münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində atılan addımların nəticə vermədiyi, cəzasızlıq mühitinin Ermənistanı yeni təxribatlara həvəsləndirdiyi barədə fikirlərinə yer verilib.
Ermənistanın hərbi təxribatı haqqında xəbərlər Misirin “Əhram”, “Aldiplomasy”, “Cairo24” və digər mətbuat orqanlarında da yayılıb.
“Əl-Cəzirə” telekanalı isə iyulun 17-də Ermənistanın hərbi təxribatı haqqında geniş reportaj yayıb. Telekanalın Cənubi Qafqaz üzrə bürosunun reportajında Azərbaycan Prezidenti İlham Əliyevin son bəyanatları, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu ərazisində mülki obyektlərə, o cümlədən dinc sakinlərin evlərinə artilleriya hücumları geniş şəkildə işıqlandırılıb.
Körfəz ölkələrinin digər mətbuat orqanları – “Əl-Ərəbiyə”, “GulfNews”, “Sharjah24”, “Əl-Ghad”, “Əl-Əxbariyə”, “Əl-Mayaden” Ermənistanın hərbi təxribatı haqqında xəbərlər və reportajlar yayıblar.