Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribat İndoneziya KİV-lərində geniş işıqlandırılır - FOTOLAR
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində təxribat törətməsi İndoneziya mətbuatı tərəfindən geniş işıqlandırılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İndoneziyanın “BBC Indonesia”, “Republika.co.id”, “Kompas.com”, “Rakyat Merdaka”, “Media Indonesia”, “Sindonews”, “Tribunnews.com”, “Wartaekonomi.co.id”, “Inews.id”, “Jurnas.com”, “Riau24.com” kimi aparıcı xəbər portalları və digər internet saytlarında son günlərdə dərc olunan məqalələrdə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu ərazisində, Azərbaycanla birbaşa sərhəddə həyata keçirdiyi təxribat barədə məqalələrə geniş yer verilir. Artilleriya atəşi nəticəsində Azərbaycanın hərbi qulluqçularının və dinc sakinlərinin həlak olmasından bəhs edilir.
Bununla yanaşı, Dağlıq Qarabağ və ətraf ərazilərin Ermənistan silahlı qüvvələri tərəfindən uzun illərdir ki, işğal altında saxlanıldığı vurğulanır.
İndoneziya mətbuatında, həmçinin Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışına istinad edilərək Azərbaycanın torpaqlarını Ermənistana güzəştə getməyəcəyi bildirilir. Düşmən hücumunun heç bir nəticə verməyəcəyi və sərhədlərimizin etibarlı şəkildə qorunacağı qeyd olunur.
Məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələrin baş verdiyi vurğulanır.