“The Jerusalem Post” qəzetində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla tanınmış jurnalist Mayyan Caffe Hofmanın müsahibəsi əsasında məqalə dərc edilib. Məqalədə beynəlxalq hüququn norma və prinsipləri və bu kontekstdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ və İsrail-Fələstin münaqişələrinə toxunulub.
Qəzetdə qeyd olunur ki, Azərbaycanın İsraillə 25 ildən artıqdır dərin ikitərəfli münasibətləri mövcuddur. Həmçinin Azərbaycan İsraili tam olaraq tanıyan və diplomatik əlaqələr quran azsaylı müsəlman ölkələrindəndir.
Səfir vurğulayıb ki, Amerika İsrail İctimai Əlaqələr Komitəsinin illik iclasında Azərbaycan yüksək səviyyədə təmsil olunub. Azərbaycanın İsraillə bu münasibətləri digər müsəlman dövlətlərinə örnəkdir.
Elin Süleymanov bildirib ki, İsrailin müsəlman dövlətləri ilə daha yaxşı münasibətinin olduğu hazırkı vəziyyətdə İordan çayının qərb sahili ilə bağlı anneksiya planlarını həyata keçirməsi ona zərər verə bilər. Əksinə, digər yolun seçilməsi onun xoş məramından xəbər verər. Azərbaycan beynəlxalq hüquqa zidd gedərək anneksiya planını dəstəkləyə bilməz və bu, İsrail-Fələstin münaqişəsinin Azərbaycan tərəfindən dəstəklənən “iki dövlət” (two state solution) həlli prinsipinə qarşıdır.
Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən səfir ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizdən çoxunun Ermənistan tərəfindən işğal olunduğunu, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri ilə bu ərazilərin Azərbaycan ərazisi olmasının təsdiqləndiyini bildirib.