Orduda könüllü xidmət keçmək istəyən vətəndaşlar www.seferberlik.gov.az saytında elektron qaydada müraciət edə bilərlər
Orduda könüllü xidmət etmək istəyən vətəndaşlar iyulun 17-dən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytında https://exidmet.seferberlik.gov.az/Volunteer/Service keçidi vasitəsilə müraciətlərini elektron qaydada həyata keçirə bilərlər.
Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq və insanların sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə müəyyən olunmuş tələblərə əməl edilməsi, respublikamızda və xaricdə yaşayan vətəndaşların rahatlıqlarının, müraciət imkanlarının daha əlçatanlığının, həmçinin çoxsaylı vətəndaş müraciətlərinin qeydiyyatının operativliyinin təmin olunması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yeni elektron xidmət istifadəyə verib.
Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi kömək göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olmaqdadır.