Orduda könüllü xidmət etmək istəyən vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) müraciətləri davam edir.
SHXÇDX-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 23 min 500-dən çox vətəndaş bu günədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin qurumun qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək orduda könüllü xidmət etmək haqqında arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti göstərdikləri yüksək vətənpərvərliyə görə vətəndaşlarımıza bir daha təşəkkürünü bildirir. Xidmət koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq, insanların sağlamlıq təhlükəsizliyinə və karantin rejiminin tələblərinə riayət etmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara əməl edilməsi üçün vətəndaşlara müraciətlərini qeydiyyatda olduqları idarə, şöbə və ya bölməyə gəlmədən www.seferberlik.gov.az saytındakı “Könüllü olaraq orduda xidmət etmək üçün qeydiyyat” (https://exidmet.seferberlik.gov.az/Volunteer/Service) elektron xidməti vasitəsilə həyata keçirmələrini tövsiyə edir.