İordaniya Krallığının rəsmi dövlət saytı -“Ammon news”da Milli Məclisin deputatı, YAP Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirovun “Ermənistanın hərbi təxribatı” sərlövhəli məqaləsi işıq üzü görüb. Həmyerlimizin məqaləsi Ermənistanın faşizmi təbıliğ edən işğalçılıq və təxribat siyasətinin beynəlxalq auditoriyada ifşası baxımından xüsusi aktuallıq kəsb edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, deputat yazısında Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycanla sərhəddin Tovuz rayonu istiqamətində hərbi təxribata əl atması, onun səbəb və motivləri, habelə fəsadları ilə bağlı məsələləri İordaniya oxucularının diqqətinə çatdırıb. Qeyd olunur ki, hərbi təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Siyasi elmlər doktoru çoxmilyonluq ərəb oxucularının diqqətinə çatdırır ki, pandemiya dövründə Ermənistanın onsuz da ağır olan sosial-iqtisadi vəziyyətinin böhran həddinə çatması, ölkədə gərgin siyasi konfrantasiya mühitinin formalaşması Nikol Paşinyan hökumətini çıxılmaz vəziyyətə salıb və onun mövcud ağır daxili vəziyyətdə diktator davranışı bütün çərçivələri aşmaqdadır. Bu reallıq fonunda Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq arenada ardıcıl olaraq Ermənistan baş nazirini “diplomatik tərksilah” etməsi onsuz da sosial bazası həndəsi silsilə ilə daralmaqda olan Nikol Paşinyan üçün qorxulu perspektivlər formalaşdırıb. Deyilənlərdən belə nəticə çıxır ki, Paşinyan hökuməti öz hakimiyyətinin ömrünü uzatmaq üçün hərbi avantüraya əl atmalı olub.
Məqalədə qeyd olunur ki, bu hərbi təxribarın məhz Azərbaycan-Ermənistan dövlət sərhəddində baş verməsi də təsadüfi addım olmayıb. Bu, Ermənistanın münaqişənin əsl mahiyyətini ört-basdır etmək kimi çirkin niyyətindən irəli gəlir, üzvü olduğu hərbi-siyasi təşkilatın “çətir”i altında gizlənərək hərbi avantürasının kollektiv müdafiə mexanizmləri ilə dəstəklənməsinə nail olmaq kimi riyakar məqsədindən qaynaqlanır. İşğalçı dövlətin bu istiqamətdə planları da tam iflasa uğrayıb. Düşmənin hərbi təxribatı nəticəsində Ordumuzun generalı da daxil olmaqla bir neçə hərbi qulluqçumuz şəhid olub. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin.
Milli Məclisin deputatı məqaləsinin sonunda İordaniya oxucularının nəzərinə çatdırır ki, Azərbaycan Ordusunun əks həmləsi ilə şəhidlərimizin qisası tam alınıb, düşmənin canlı qüvvəsinə və hərbi texnikasına sarsıdıcı zərbə endirilib. Müzəffər ordumuz 2016-cı il Aprel döyüşlərində qazandığı tarixi qələbəni davam etdirərək düşmənə öz yerini göstərib. Bununla da, Ali Baş Komandanın mətin iradəsi və ordu-xalq birliyi sayəsində Azərbayacan Silahli Qüvvələri yenilməz gücünü nümayiş etdirib.