İraqın nüfuzlu “kulalakhbar.iq xəbər portalında iyulun 12-də Ermənistanın Azərbaycan ərazisinə yeni təcavüz aktı barədə geniş məqalə dərc olunub.
Azərbaycanın İraqdakı səfirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, məqalənin müəllifi, siyasi şərhçi Hüseyn Hauzi nəzərə çatdırır ki, Ermənistan daxili problemləri həll edə bilmədiyindən cəbhə xətində vəziyyəti gərginləşdirib, diqqəti sosial problemlərdən yayındırmağa çalışır.
Ermənistanın təxribatının məqsədi həm də Azərbaycanın enerji resurslarına zərbə vurmaqdan ibarət olub. Lakin Ermənistan heç nəyə nail ola bilmədi. Beynəlxalq təşkilatlar və dövlətlər Ermənistanı təxribata görə qınayıblar.
Nəzərə çatdırılıb ki, BMT Təhlükəsizlik Şurası (TŞ) Ermənistandan işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsini azad etməyi tələb edib və bu istiqamətdə 4 qətnamə qəbul edib. Buna baxmayaraq, Ermənistan Azərbaycan ərazilərini hələ də işğal altında saxlayır. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı da Ermənistandan təcavüzkar siyasətə son qaymağa və işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə çağırıb.
Materialda BMT TŞ-dan Azərbaycanın ərazi bütövlüyünün bərpasının tələb edilməsinin zəruriliyi vurğulanır.