Yaponiyanın “Sərhədləri aşanlar 3.0” YouTube kanalında Ermənistanın Azərbaycan sərhədində təxribatı barədə veriliş yayımlanıb - FOTOLAR

A- A A+

Yaponiyanın “Sərhədləri aşanlar 3.0” YouTube kanalında iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat barədə xüsusi veriliş yayımlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan və dünya ölkələri haqqında YouTube üzərindən məlumatlar yayan kanalda bu dəfə Ermənistanın bu günlərdə Azərbaycanın Tovuz rayonunda artilleriya qurğularndan və digər ağır silahlardan istifadə etməklə yaratdığı təxribat barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, həmin hücum nəticəsində hər iki tərəfdən 10-dan çox hərbiçi və Azərbaycan tərəfdən bir mülki vətəndaş həlak olub.

Verilişin aparıcıları Kazuyası İşida və Yasuhiro İşibaşi əvvəlcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri, keçmiş Sovet İttifaqı dağıldıqdan sonra Ermənistanın yaranan xaosdan istifadə edərək Azərbaycan torpaqlarını işğal etməsi barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, ötən əsrin 20-ci illərində Azərbaycanın Zəngəzur rayonunun Ermənistana birləşdirilməsindən sonra ermənilər qədim tarixi və zəngin mədəniyyəti ilə seçilən, tarixən Azərbaycan torpağı olan Dağlıq Qarabağı da ələ keçirməyə çalışıblar. XX əsrin 90-cı illərində baş verən silahlı münaqişə Ermənistan qoşunları tərəfindən Dağlıq Qarabağın və onun ətrafında yerləşən yeddi rayonun işğalı ilə nəticələnib. Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrə baxmayaraq, Ermənistan həmin torpaqları geri qaytarmaq istəmir. Məhz Ermənistan rəhbərliyinin destruktiv mövqeyi nəticəsində münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqlar nəticə vermir.

Azərbaycanın zəngin neft və qaz yataqlarına malik olması, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rolundan bəhs edən aparıcılar budəfəki hücumun istiqamətinə diqqət çəkərək, Tovuz rayonunun strateji əhəmiyyətinə toxunublar. Qeyd ediblər ki, Azərbaycanı Avropa ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu məhz bu ərazidən keçir. İyulun 12-də başlanan hücumun da məqsədi məhz həmin strateji obyektlərə təhlükənin yaradılması olub. Bildirilib ki, Ermənistanın bu hücumu heç bir nəticə verməyib və Azərbaycan ordusunun cavab atəşi erməniləri geri çəkilməyə məcbur edib.

Verilişdə Azərbaycanın enerji siyasəti, Avropa ölkələrinin enerji təminatında onun rolu, “Şah dəniz” qaz yatağı, TANAP və TAP layihələri barədə də ətraflı bəhs olunub.

Azərbaycan rəhbərliyinin münaqişəni sülh yolu ilə həll etmək niyyətindən bəhs edən aparıcılar Azərbaycan Prezident İlham Əliyevin bu istiqamətdə apardığı geniş siyasət, ərazilərin dinc yolla azad edilməsi üçün göstərdiyi fəaliyyət barədə də məlumat veriblər. Qeyd ediblər ki, Azərbaycan Prezidenti dəfələrlə Ermənistanı işğalçı siyasətdən əl çəkməyə, işğal altında olan torpaqlar azad edildikdən sonra dinc qonşuluq münasibətlərinin qurulmasına çağırsa da işğalçı dövlət bu siyasətindən əl çəkmir. Bununla yanaşı, qeyd edilir ki, güclü, müasir silahlarla təchiz edilmiş Azərbaycan ordusu işğal altında olan torpaqları azad etməyə qadirdir.

Verilişdə Azərbaycanın mövqeyinin dünyanın bir çox ölkələri tərəfindən müdafiə olunduğu da qeyd edilib. Misal olaraq, Ukraynanın nümayiş etdirdiyi mövqeyə görə bu ölkənin Yerevanda yerləşən səfirlyinin ermənilər tərəfindən hücuma məruz qaldığı yapon izləyicilərin diqqətinə çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: