Gürcüstan XİN: Ermənistana minomyotların Gürcüstan vasitəsilə çatdırılması barədə məlumatlar həqiqətə uyğun deyil
Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı istifadə etdiyi minamyot və digər silahların Gürcüstan ərazisindən daşınması barədə məlumatlarla bağlı bəyanat yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bəyanatda deyilir: “Ermənistana minomyotların Gürcüstan vasitəsilə çatdırılması barədə Azərbaycan mətbuatının yaydığı məlumatlar həqiqətə uyğun deyil. Azərbaycanın bir mətbu orqanında həqiqətə uyğun olmayan məlumat yayılıb və qeyri-dəqiqliyə yol verilib. Təəssüf ki, ciddi onlayn nəşr faktları qərəzli şəkildə təsvir edir, ictimaiyyəti çaşdırır və Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığına və dostluğuna kölgə salmağa çalışır”.
Bildirilir ki, Gürcüstan və Azərbaycanı strateji tərəfdaşlıq və çoxəsrlik dostluq birləşdirir. Bu münasibətlər daha da inkişaf etdirilir və dərinləşdirilir. Hər iki ölkə regionda mühüm rol oynayır, əhəmiyyətli regional və beynəlxalq layihələri birgə həyata keçirirlər.
“Mətbu orqanın məqaləsi qərəzlidir və iki strateji tərəfdaş ölkə arasındakı münasibətlərdə süni şəkildə problem yaratmağa yönəlib” - deyə, bəyanatda vurğulanır.