Vaqif Dərgahlı: Ermənistan silahlı bölmələrinin Tovuz istiqamətində təxribatları zamanı ərazi itkimiz olmayıb
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində bölmələrimizin mövqelərini atəşə tutmağa başladı.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu iyulun 21-də keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.
V.Dərgahlı bildirib ki, mövqelərlə yanaşı, sərhəd bölgəsində yerləşən kəndlər də atəşə məruz qaldı. Düşmən bölmələri əvvəlcə yüngül atıcı silahlardan atəş açırdılarsa, sonradan iriçaplı silahlardan 60, 82 və 120 millimetrlik minaatanlardan istifadə etməyə başladılar. Növbəti günlərdə bu silahların çapı və ağırlığı dəyişərək artilleriyadan istifadə edilməyə başlandı. Düşmən Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə cəhd göstərdi.
Polkovnik V.Dərgahlı deyib ki, komandanlıq düşmənə layiqli cavab verilməsi ilə bağlı dərhal əmr verdi. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması ilə bağlı tapşırıq veriləndən sonra bölmələrimiz fəaliyyətə başladılar. Düşmənin ön xətdə yerləşən mövqeləri, dayaq məntəqələri, ehtiyatları, 100-dən artıq canlı qüvvəsi məhv edilib. Ermənistan mətbuatında yer alan məlumatlar, sosial şəbəkələrin monitorinqi düşmənin itkisinin yüzlərlə olduğunu göstərir. Lakin Ermənistan tərəfi itkiləri gizlətməyə çalışır. Yəqin ki, bir müddət sonra Ermənistan mütəmadi olaraq itkilərini müxtəlif adlar altında ortaya çıxaracaq.
Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərq ölkələrindən Ermənistana köç edən erməni əsilli şəxslərin olması da ehtimal olunur. Ona görə də Ermənistan hərbi rəhbərliyi bu itkiləri gizlətməyə çalışır. Bu təxribat nəticəsində ərazi itkisi olmayıb. Ərazi itkisi ilə bağlı səsləndirilən iddiaları tam rədd edirik.
Ermənistan silahlı qüvvələrinin bölmələrinin işğal olunmuş ərazilərlə yanaşı, Naxçıvan istiqamətində də fəallığının artmasının müşahidə edildiyini vurğulayan V.Dərgahlı diqqətə çatdırıb: “İyulun 14-də Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələrinin bir avtomobili məhv edilib. Bu döyüşlərdə bölmələrimizin qarşısında düşmən mövqelərini ələ keçirmək məqsədi yox idi. Bizim Azərbaycan-Ermənistan sərhədində hərbi məqsədimiz yoxdur. Təəssüf ki, şəhidlərimiz oldu. Şəhidlərimizə Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına başsağlığı veririk. Yaralananlar isə hərbi tibb müəssisələrində müalicə alırlar”.