Türkiyə və Ermənistanın dövlət sərhədi yaxınlığında Azərbaycan ordusuna möhtəşəm dəstək aksiyası keçirilib - FOTOLAR
Türkiyənin İğdır bölgəsində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə etiraz və milli ordumuza dəstək məqsədilə yürüş-mitinq təşkil olunub. “Səninləyik Azərbaycan!” şüarı ilə yola çıxan izdiham İğdırın mərkəzindən hərəkətə başlayaraq Türkiyə-Ermənistan sərhədinə doğru yürüş edib.
İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, təşkil olunan aksiyaya Türkiyənin hər yerindən əlliyə yaxın QHT və siyasi partiya, o cümlədən AKP, MHP, CHP, İYİ partiyanın yerli şöbələri, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası, Azərbaycan Evi Dərnəyi, İstanbuldakı Türkiyə Azərbaycan Dərnəyi, Türkiyə Azərbaycan Dərnəyi İğdır şöbəsi və digər ictimai təşkilatlar tərəfindən dəstək verilib.
Yürüşçülər İğdırın Orta Əlican kəndində mitinq edərək aksiyanı davam etdiriblər. Təcavüzkar Ermənistanın işğalçı siyasətinə etiraz, Azərbaycan-Türkiyə qardaşlığına, ordumuzun gücünə dəstək şüarları səsləndirilib.
Mitinqdə aksiya iştirakçıları adından Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə etiraz və milli ordumuza dəstək məzmununda bəyanat qəbul edilib.
İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri, saxta “erməni məsələsi” üzrə tədqiqatçı Ziya Zakir Acar deyib: “Bir millət, iki dövlət olaraq hər zaman Azərbaycanın yanındayıq. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini və Türkiyəyə əsasız iddialarını dayandırmalıdır. Bu dövlət yaratdığı risklərə görə baş verəcək bütün xoşagəlməz hadisələrin məsuliyyətini özü daşıyır. Dağlıq Qarabağ və ətraf rayonlar erməni işğalçından azad edilməyənədək Türkiyə dövləti Ermənistanla heç bir əlaqə qura bilməz. Ermənistan terrorçu dövlət, bu ölkəni idarə edənlər mülki azərbaycanlıların qənimi olan cinayətkarlardır”.
Qeyd edək ki, iki gün əvvəl İğdır Velosipedçilər Klubu, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və İğdır Azərbaycan Evi Dərnəyinin birgə təşkilatçılığı ilə Azərbaycan ordusuna dəstək məqsədli daha bir aksiya keçirilmişdir.
Aksiya iştirakçıları adından hazırda fəaliyyət göstərməyən Alican gömrük-keçid məntəqəsinin qapısında Ermənistan üçün qara əklil qoyulub.