Ermənistanın sərhəddə törətdiyi təxribatlarla bağlı Avropa və ərəb mətbuatında məqalələr dərc olunub - FOTOLAR

A- A A+

Xarici mətbuatda Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı Milli Məclisin deputatı Könül Nurullayevanın məqalələri dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, deputatın “Azərbaycan sərhəddə baş verən təxribatların beynəlxalq ictimaiyyət tərəfindən araşdırılmasında və dəqiq qiymətləndirilməsində maraqlıdır” sərlövhəli məqaləsi Avropa mətbuatında (https://eutoday.net/news/security-defence/2020/azerbaijan-calls-for-international-investigation) yayılıb. Müəllif qeyd edir ki, iyulun 12-də erməni silahlı qüvvələri sərhədin Tovuz istiqamətində Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirərək bütün beynəlxalq hüquq normalarını pozublar. Bu gözlənilməz zərbə nəticəsində Azərbaycan hərbçiləri şəhid olub. Venesiya Komissiyasının tövsiyələrinin rədd edildiyi, siyasi opponentlərin hakimiyyət tərəfindən təqib olunduğu Ermənistan bütün diqqəti əsas məsələlərdən yayındırmaq məqsədilə sərhəddə təxribata əl atıb. Regionda yeni gərginliyin yaranmasından beynəlxalq ictimaiyyət çox narahatdır. Avropa İttifaqı Ermənistan və Azərbaycanı qarşıdurmanı dayandırmağa və gərginliyin azalması üzrə tədbirlər görməyə çağırıb.

Məqalədə bildirilir ki, Aİ tərəfləri atəşkəs rejiminə riayət etməyə, enerji və ehtiyatları koronavirus pandemiyası ilə mübarizəyə sərf etməyə, ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqları bərpa etməyə və əhalini sülhə hazırlamağa çağırır. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, bunun üçün mütləq danışıqlar prosesində tərəqqi, sülh razılaşmasına yaxınlaşma olmalıdır: “Ermənistan isə hətta qlobal pandemiya dövründə öz resurslarını münaqişə ətrafında vəziyyəti gərginləşdirməyə yönəldir. Halbuki, Aİ-nin çağırışında qeyd olunduğu kimi, resurslar daha çox problemlərin həllinə yönəlməlidir. Çünki hazırda buna bütün dövlətlərin ehtiyacı var. Ən çox da Ermənistanın....”

Milli Məclis üzvünün ikinci məqaləsi isə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) rəsmi internet səhifəsində yer alıb (http://www.iinanews.org/page/public/news_details.aspx?id=307338). “Millət vəkili İslam dünyasının diqqətini Ermənistanın sərhəddə törətdiyi təxribata yönəltdi” sərlönvəli məqalədə Ermənistanın növbəti hərbi təxribatından danışılaraq, işğalçı ölkənin beynəlxalq hüququn normalarını pozduğu vurğulanır. Bildirilir ki, nə qədər paradoksal səslənsə də, Ermənistan bir tərəfdən beynəlxalq ictimaiyyətə müraciət edir və qoşunların təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini qətlə yetirir. Bu davranışların məntiqi izahı yoxdur. Azərbaycan Prezidenti hər zaman bəyan edib ki, biz heç vaxt işğal edilmiş torpaqların bu vəziyyətdə qalması ilə barışmayacağıq. Bu, həm işğalçıya, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan ismarıcdır.

Məqalədə qeyd olunur ki, Ermənistan uzun müddətdir bu cür hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Amma bu gün Azərbaycan KTMT-yə üzvü olmadığı halda Ermənistan istisna olmaqla bu təşkilatda təmsil olunan bütün dövlətlərlə sıx dostluq münasibəti qurub.

Könül Nurullayeva sərhəddə baş vermiş təxribat zamanı dünya ictimaiyyətinin Azərbaycana dəstəyini də xatırladır: “İslam Əməkdaşlıq Təşkilatının baş katibliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində hücumunu, atəşkəsi pozmasını, nəticədə azərbaycanlı hərbçilərin həlak olmasını və yaralanmasını kəskin şəkildə pisləyir. Azərbaycan İslam həmrəyliyinə töhfə verən ölkə kimi müsəlman dünyasının nümayiş etdirdiyi dəstəyi təqdir edir. Bu gün İslam dünyasına da yaxşı məlumdur ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarını - Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edib. Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: