Ermənilər sabaha ümidlərini itiriblər
İşğalçı ölkədə yoxsulluq və işsizlik həddi gündən-günə yüksəlir
Pandemiya fonunda sosial-iqtisadi sahədə dərin böhran yaşayan Ermənistanda yoxsulluq həddi gündən-günə yüksəlir. Buna əsas səbəblərdən biri isə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra sosial-iqtisadi vəziyyətin düzəlməsi əvəzinə daha da ağırlaşmasıdır. Ermənilər sosial şəbəkələrdə bəyan edirlər ki, baş nazir Nikol Paşinyan hakimiyyətdə olduğu müddətdə vəziyyət düzəlməyəcək.
Getdikcə daha gərgin xarakter almağa başlayan ictimai-siyasi vəziyyət koronavirus pandemiyası fonunda ölkədə həm də xaotik bir durum formalaşdırmağa başlayır. Qeyd olunur ki, əməkhaqqının, pensiya təminatının artmadığı bir ölkədə əksinə çörək, süd və ət məhsullarının və digər zəruri məhsulların qiymətləri gündən-günə artır, inflyasiya həddi, işsizlik göstəriciləri yüksəlir.
Lakin hakimiyyətdə olan "Mənim addımım” blokunun buna əhəmiyyət vermədiyi qeyd edilir, parlament üzvlərinin məsələ ilə bağlı əsassız çıxışları sərt tənqid olunur. Erməni etnoqraflar isə hesab edirlər ki, qeydə alınan bütün nəticələrdən asılı olmayaraq Ermənistan əhalisinin 2/3 hissəsi real yoxsulluq həddində yaşayır.
"Lragir” nəşrinin verdiyi xəbərə görə, bu gün Ermənistanda yoxsulluq anlayışına yanaşma fərqlidir. Yəni bu daha çox mental xarakter daşıyır. Bəzən insanlar yoxsul olmalarından utanır, onu etiraf etmək istəmirlər. Ona görə də bir çox halda həmin insanlar yoxsul kimi qeydiyyata düşmürlər. Bu səbəbdən Ermənistan Milli Statistika Xidmətinin ölkədəki yoxsulluqla bağlı açıqladığı rəqəmlər reallığı əks etdirmir. Vurğulanır ki, Ermənistanda yoxsul insanların sayı qeyd ediləndən daha çoxdur. Məsələn, bu il Ermənistanda yoxsulluq həddi 41 min dram gəlir sayıldığı halda, 42 min gəliri olanlar yoxsul kimi qeydə alınmır. Halbuki min dramla onların vəziyyəti düzəlmir və həmin şəxslər də yoxsul həyat sürürlər.
BMT standartlarına görə, gündəlik gəliri 2 dollar olanlar yoxsul, 1 dollar olanlar isə dilənçi, məzlum sayılırlar. "Apardığımız araşdırma nəticəsində müəyyən olunub ki, bu gün Ermənistan əhalisinin 50 faizi yoxsulluq həddində yaşayır. Çünki əhalinin əksəriyyətinin gündəlik gəliri 2 dollar və ondan aşağıdır. Biz kiçik və orta bizneslə bağlı da araşdırma aparmışıq. Müəyyən olundu ki, kiçik və orta sahibkarlıq müəssisələri ya işləmir, ya da bağlanıb. Hökumətin orta təbəqə dediyi kəsimə daxil olan insanların sayı kütləvi şəkildə azalıb. Çünki kiçik və orta biznes iflic vəziyyətindədir. Ən pis vəziyyət gənclərlə bağlıdır. Biz bu məsələ ilə bağlı sorğu keçirdik. Ortaya çıxan nəticə dəhşətlidir. Bizim gənclərin 75 faizi öz gələcəyini Ermənistanda deyil, xarici ölkədə görür”, - deyə nəşrdə yazılır.
O da qeyd olunur ki, Paşinyanın başçılıq etdiyi hökumət ölkədəki iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün heç bir addım atmır. Baş nazir təyin olunduğu gün Ermənistandakı iqtisadi vəziyyəti "çox ağır” qiymətləndirən Paşinyan real iş görməkdən uzaqdır. Cəmiyyət xəstədir, ac qalıb. Ölkə boşalır-imkanı çatan Ermənistanı tərk edir. Bu vəziyyətə qarşı mübarizə aparmaq, islahatlar həyata keçirmək, korrupsiyanın kökünü kəsmək əvəzinə Ermənistan hakimiyyəti özünü Politexnik Universitetinin müəllimləri kimi aparır.
"İravnuk” qəzeti yazır ki, aprel-may aylarında Ermənistan əmək bazarı 21 mindən çox iş yerini itirib. Bunlardan təqribən 12000-ə yaxını aprel ayında bağlanıb, may ayında isə 9000-dək iş yeri açılmayıb. Bu, Paşinyanın söyləmək istəmədiyi həqiqətdir. Bunun əvəzinə, hökumət "taxtın süqutundan” sonra iqtisadiyyatın yenidən açılması barədə qərarın öz nəticəsini verdiyi barədə təsəvvür yaratmağa çalışır.
Məqalədə qeyd olunur ki, bu qərar iqtisadiyyat üçün doğru ola bilər, amma unutmamalıyıq ki, pandemiya bu gün Ermənistanda tüğyan edir, yüz minlərlə insanın ölümünə səbəb olur, on minlərlə insanın həyatı və sağlamlığı təhlükə altındadır: "İş yerləri haqqında danışarkən Paşinyan işsizlik nisbətlərinə toxunsa, daha yaxşı olardı. Bu il Ermənistanda işsizlərin sayı xeyli artıb. On minlərlə vətəndaş iş üçün xaricə getmək imkanından məhrum olmuş və işsizlər sırasına qoşulmuşdu. Hökumət aylardır ki, bu insanları ölkə daxilindəki tikinti işlərinə uyğunlaşacaqları barədə boş vədlər verir, bunun problemi həll etməyəcəyini yaxşı bilir. Bunlar və pandemiya olmadan da Ermənistanda işsizlik səviyyəsi çox yüksək idi”.
Belə vəziyyət, həqiqətən, Ermənistanın sürətlə məhvinə yaxınlaşdığını göstərir.
Elçin Cəfərov
"Azərbaycan” qəzeti