Çexiyanın paytaxtı Praqa şəhərinin mərkəzi körpülərindən birində "Qarabağ Azərbaycandır!" şüarı yazılmış iri poster asılıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bu aksiya Çexiyada yaşayan azərbaycanlı gənclərin təşəbbüsü ilə reallaşdırılıb. Çex dilində yazılmış poster Çexiyanın Prezident Sarayına, ölkənin Baş Nazirinin iqamətgahına və Nazirlər Kabinetinin inzibati binasına aparan yolun üzərindəki körpüdə yerləşdirilib. Məqsəd ölkənin dövlət rəsmilərinin və yerli ictimaiyyətin diqqətini müstəqil Azərbaycan dövlətinin əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun hələ də Ermənistanın işğalı altında qalmasına, BMT-nin məlum 4 qətnaməsinə baxmayaraq, hələ də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmamasına cəlb etməkdir.
Qeyd edək ki, sabah Praqada soydaşlarımız Ermənistanın işğalçı siyasətinə və hərbi təxribatlarına son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması tələbi ilə etiraz aksiyası keçirəcək. Aksiya zamanı dövlətimizə, xalqımıza, ordumuza və xarici ölkələrdə Ermənistanın təcavüzkar siyasətinə etiraz səsini ucaldan dünya azərbaycanlılarına dəstək ifadə olunacaq.