Dünyanın iki ən böyük yəhudi təşkilatı Los-Ancelesdə ermənilərin azərbaycanlılara qarşı hücumlarını pisləyib - FOTOLAR
ABŞ-ın və dünyanın ən nüfuzlu yəhudi təşkilatlarından olan Simon Vizental Mərkəzi (SVM) və Amerika Yəhudi Komitəsinin (AYK) Los-Anceles nümayəndəliyi iyulun 21-də baş konsulluq qarşısında erməni daşnakları tərəfindən azərbaycanlı icma üzvlərinə qarşı həyata keçirilən vəhşilikləri pisləyib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, yayılan açıqlamalarda azərbaycanlı icma üzvlərimizin zorakı hücumlara məruz qalması qınanılıb və bunun qəbuledilməz olduğu bildirilib. Eyni zamanda, nifrət zəminində törədilmiş həmin cinayətlərin düzgün şəkildə araşdırılması ilə bağlı Los-Anceles Polis İdarəsinə çağırış edilib.
Qeyd edək ki, vətəndaşlarımıza qarşı erməni daşnakları tərəfindən zorakılığın törədilməsindən dərhal sonra Los-Ancelesdəki baş konsulluğumuz uzun müddətdən bəri dostluq münasibətləri saxladığı ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarını bu cinayət barədə dərhal məlumatlandıraraq, fərqli millətlərin yaşadığı Los-Anceles kimi şəhərdə etnik nifrət zəminində belə bir vəhşiliyin törədilməsinin qətiyyətlə pislənilməsinin vacibliyini bildirmişdi. Nəticədə sözügedən yəhudi təşkilatları bu bəyanatlarla çıxış edərək Azərbaycan ilə həmrəylik nümayiş etdirib.
Baş konsulluq daşnakların bu vəhşiliyinə ABŞ ictimaiyyətinin diqqətinin cəlb edilməsi istiqamətində tədbirlərini davam etdirir.