Hazırda işğalçı və terrorçu Ermənistanın, erməni lobbisinin, dünyanın müxtəlif ərazilərinə səpələnmiş erməni terror təşkilatlarının və onların havadarlarının Azərbaycana qarşı gündən-günə kütləvi hal alan total hücumu müşahidə edilməkdədir. Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində həyata keçirdiyi və müzəffər ordumuz tərəfində qətiyyətlə dəf edilən hərbi təxribatından sonra düşmən dövlətin hücumları xarici ölkələrə transfer etməsi ermənilərin daha dərin, çirkin, cinayətkar və terrorçu planlarından xəbər verir.
Bu fikri NUHÇIXAN İnformasiya Agentliyinə açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, son bir həftə ərzində Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni millətçi-terrorçu qruplaşmaları tərəfindən davamlı təxribatlar törədilir: “Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikadakı diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12-dən başlayaraq növbəti təxribatlarına etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni terrorçu qrupları tərəfindən son dərəcə aqressiv hücumlar təşkil edilir. Təsadüfi deyildir ki, bu təxribatlarda həmin ölkələrdəki erməni diasporu, radikal millətçilərlə yanaşı, ASALA, Daşnaksütyun kimi terror təşkilatlarının da nümayəndələri iştirak edirlər. Əlbəttə, ermənilərin bu tipli təxribatları, eləcə də terrorçu fəaliyyəti yeni deyildir. 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetiriblər, ümumilikdə erməni terror təşkilatları tərəfindən 22 ölkədə 235-dən çox terror aktı törədilib, 24 türk diplomatı vəhşicəsinə qətlə yetirilib. Hətta, 1991-ci ildə Ermənistan müstəqilliyini bəyan etdikdən sonra terroru dövlət siyasəti vasitəsinə çevirmiş işğalçı ölkənin xüsusi xidmət orqanları Azərbaycanın müxtəlif yerlərində çoxsaylı qanlı terror aktları təşkil ediblər. Ona görə də son günlər baş verənlərə təəccüblənmək lazım deyil”.
“Radikal erməni millətçilərinin Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törətdikləri təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edən, ağır cinayət məsuliyyəti doğuran əməllərdir”, - deyən Vüqar Rəhimzadə əlavə edib ki, çoxsaylı aksiya iştirakçılarına ermənilər tərəfindən fiziki güc tətbiq olunması, onlara xəsarətlər yetirilməsi həmvətənlərimizin sərbəst toplaşmaq və öz fikirlərini azad ifadə etmək hüquqlarının pozulmasına gətirib çıxarıb: “Bu səbəbdən də təxribatların baş verdiyi ölkələrin aidiyyəti orqanları hücumları ciddi araşdırmalı və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verməlidir. Dinc azərbaycanlılara qarşı erməni terrorunun qarşısı alınmalıdır. Adətən belə vandalizm, insan hüquq və azadlıqlarına qəsd kimi hallara qarşı barışmaz mövqe nümayiş etdirən beynəlxalq qurumların, o cümlədən hüquq-müdafiə təşkilatlarının azərbaycanlılara qarşı törədilən cinayət əməllərinə susqunluğu anlaşılan deyil. Bu, həmin təşkilatlarda ikili standartların və selektiv yanaşmanın hökm sürdüyünü aydın göstərir”.
Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, erməni lobbisinin Azərbaycana qarşı təxribatlar, hücumlar təşkil etdiyi bir zamanda özlərini azərbaycanlı hesab edib, guya xalqımız naminə fəaliyyət göstərdiklərini iddia edənlərin düşmən cəbhəsində yer almaları artıq heç kəsə sirr deyil: “Hər gün insan hüquqlarından dəm vuran Sevinc Osmanqızı, Qənimət Zahid, Tural Sadıqlı, Cəmil Həsənli, Əli Kərimli və digər milli xainlər dünya azərbaycanlılarını ayağa qaldıran bu vandalizm aktlarını susqunluqla seyr etməkdədirlər. Ermənilər xarici ölkələrdə azərbaycanlılara hücum edir, ağır bədən xəsarəti yetirirlər. Bəs belə bir ağır gündə özlərini xalqın xilaskarı kimi qələmə verən Orduxan Temirxan, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Vidadi İsgəndərli kimi milli satqınlar, vətənpərvərlikdən dəm vuran dil pəhləvanları harada gizləniblər? Yoxsa, ermənilərlə işbirlikləri şübhə doğurmayan və xarici anti-Azərbaycan dairələrin əlində alət olan bu antimilli ünsürlərin işləri-gücləri ancaq hakimiyyətə qara yaxmaq, kompyuter arxasından “aslanlıq” etməkdir? Neçə illərdir sosial şəbəkələrdə Azərbaycan dövlətinə qarşı böhtan yağdıran bu satqın şəbəkə indiyədək bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətini ifşa edən material paylaşmayıb, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi naminə heç bir fəaliyyət sərgiləməyib. Əksinə, onlar iyulun 14-dən 15-ə keçən gecə Bakıda keçirilən möhtəşəm ordumuza dəstək aksiyasında təxribat törədən və bu cinayətkar əməllərinə görə məsuliyyətə cəlb olunan cəbhəçiləri, dövlət çevrilişinə cəhd etmiş dələduzları qəhrəmanlaşdırır, amma Dilqəm Əsgərovu, Şahbaz Quliyevi bir dəfə də olsun yada salmırlar. Çox uzağa getmirəm və bir sual edirəm: nə üçün sərhəddə müharibə getdiyi bir zamanda bu antimilli ünsürlər ordumuza hücumlara başladılar? Hansı səbəbdən Azərbaycan Ordusunu aşağılamağa cəhd göstərdilər? Niyə Milli Məclisin binasını zəbt etməyə çalışanların cinayətkar əməllərinə haqq qazandırmaq üçün dəridən, qabıqdan çıxdılar? Məgər Qarabağa gedən yol Milli Məclisdən keçirdi? Yoxsa, hərbçlilərimizi şəhid etmiş Ermənistan ordusunun bölmələri Milli Məclisdə idilər? Bu gün bütün Azərbaycan xalqı onlardan bu suallara aydınlıq gətirmələrini tələb edir. Bunlar isə yalnız və yalnız öz əməlləri və hərəkətləri ilə düşmənlə işbirliyində olduqlarını bir daha təsdiq edirlər.”
Vüqar Rəhimzadə sözügedən qruplaşmanın dünya azərbaycanlılarının aksiyalarına dəstək verməməsini də xəyanət adlandırıb: “Təsəvvür edin ki, Tovuz rayonu istiqamətindəki təxribatdan sonra dünyanın bir çox ölkələrində azərbaycanlılar ayağa qalxdılar. Onlar Azərbaycan Ordusuna, dövlətinə və Ali Baş Komandanımıza dinc dəstək yürüşləri, aksiyalar keçirdilər. Bütün dünya mediası azərbaycanlıların bu vətənpərvər aksiyalarından danışdığı bir zamanda Sevinc Osmanqızı, Qənimət Zahid, Tural Sadıqlı, Cəmil Həsənli, Əli Kərimli və digər xainlər əksinə, Azərbaycan dövlətini və ordusunu qaralamağa üstünlük verirlər. Onlar bu aksiyalarla bağlı bircə videomaterial da hazırlamadılar, əksinə, baş verənləri anti-Azərbaycan mövqedən təqdim etdilər. Bunun adı düşmənçilik, Vətənə xəyanət deyil, bəs nədir? Cəmil Həsənli ABŞ-da ANCA-nın üzvü olan konqresmenlərlə görüşür, onlara donos ötürür və sonra da qürrələnir ki, ABŞ-da Azərbaycana dair hesabat müzakirə edilib. Ümumiyyətlə, adları çəkilən bu antimilli ünsürlər dövlətimizə və xalqımıza münasibətdə ermənidən betər düşmənə çevriliblər. Hesab edirəm ki, bu cür Vətən xainlərinə qarşı amansızlıqla mübarizə aparmaq lazımdır. Vətəninə və xalqına xəyanət edənlər ən ağır cəzaya layiqdirlər”.