Yaponiyalı ekspert: Ermənistanın son hərbi təxribatının arxasında ölkə hökumətinin COVID-19 pandemiyası ilə mübarizədə acizliyi dayanır

A- A A+

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində iyulun 12-dən başlayan hərbi təxribatının arxasında bu ölkə hökumətinin COVID-19 pandemiyası ilə mübarizədə acizliyi dayanır. Bu, bir daha Ermənistan rəhbərliyinin həmin addımı atmaqla siyasi məqsədlər güddüyünü təsdiq edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində Keyo Universitetinin siyasətin idarə olunması və beynəlxalq münasibətlər kafedrasının professoru xanım Yoko Hirose bildirib. Professor qeyd edib ki, ölkə daxilində yetişən narazılığı sakitləşdirməyə çalışan Ermənistan rəhbərliyi bununla ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmaq məqsədi güdüb.

Ermənistan ordusunun niyə məhz Dağlıq Qarabağdan 300 kilometr məsafədə yerləşən Tovuz rayonuna hücum etməsi barədə sualı cavablandıran Y.Hirose vurğulayıb ki, bu addımın arxasında Ermənistan rəhbərliyinin üçüncü ölkələri münaqişəyə cəlb etmək niyyəti dayanır. Ermənistanın artıq 30 ildir ki, Azərbaycan torpaqlarını işğal altında saxladığı və həmin əraziləri qeyd-şərtsiz tərk etmək barədə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələri yerinə yetirməməsi və bunun müqabilində Azərbaycanın hansı addımları atmalı olduğu barədə sualı cavablandıran Y.Hirose bildirib ki, Ermənistanın Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğalda saxlaması ermənilərin nöqteyi-nəzərincə onların xeyrinədir. Belə olan halda Azərbaycan mövcud vəziyyəti real qiymətləndirməli, beynəlxalq ictimaiyyətin bu işğal faktını qəbul etməsinə çalışmalıdır. Xanım professor deyib: “Fikrimcə, məhz həqiqətin dünya ictimaiyyətinə çatdırılması və münaqişənin sülh yolu ilə danışıqlar vasitəsilə həlli istiqamətində ardıcıl fəaliyyət ədalətin bərqərar olmasına şərait yarada bilər”.

Baş verən qarşıdurmanın Yaponiya əhalisi tərəfindən də təəssüflə qarşılandığını qeyd edən xanım professor 2016-cı ilin aprel döyüşləri zamanı olduğu kimi, həqiqətin yerli əhaliyə çatdırılması istiqamətində çalışdığını, bir neçə qəzetə və televiziya kanalına müsahibələr verdiyini xatırladıb. Qeyd edib ki, Azərbaycana böyük hörmətlə yanaşan bir yapon alim kimi, münaqişənin tezliklə, beynəlxalq hüquq normaları çərçivəsində, sülh danışıqları yolu ilə ədalətli həllinin tərəfdarıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: