Ermənistanın xarici borcu dövlət büdcəsindən çoxdur

Paşinyan iqtidarı işğalçı ölkənin iqtisadi tənəzzülünü daha da sürətləndirir

A- A A+

Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsindən və hökumət üzvlərinin böyük əksəriyyətinin yeni şəxslərlə əvəz edilməsindən iki il ötməsinə baxmayaraq, bu ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşacağına yenə də heç bir ümid yoxdur. Əksinə, dövlət idarəçiliyində naşı olan bu şəxslərin vəziyyəti daha da pisləşdirdiyini deyirlər, ölkəni iqtisadi xaosa sürükləyəcəklərinin qaçılmaz olduğunu bildirirlər. Qeyd olunur ki, Ermənistan hakimiyyətinin yeni nazirləri küçədən gəlib və onların heç birinin dövlət idarəçiliyi və siyasi təcrübəsi yoxdur.

Elə bunların nəticəsidir ki, işğalçı ölkədə iqtisadi durum getdikcə daha da ağırlaşır. Bunu keçirilən sosioloji sorğular da təsdiqləyir. Belə ki, bu günlərdə rəyi soruşulan insanların 37,3 faizi ölkə iqtisadiyyatının pis vəziyyətdə olduğunu düşünür. Respondentlərin 34,6 faizinin fikrincə, Ermənistan iqtisadiyyatı çox pis vəziyyətdədir. Əhalinin yalnız 0,7 faizi iqtisadi vəziyyətin çox yaxşı olduğunu bildirib.

Ermənistanın Maliyyə Nazirliyinin cari ilin birinci yarısının nəticələri üzrə açıqladığı statistik göstəricilərə əsasən, bu ölkənin ümumi dövlət borcu 7 milyard 721 milyon ABŞ dollarına çatıb. Nəzərə alaq ki, işğalçı ölkənin cari il üçün dövlət büdcəsinin gəlirləri 1,7 trilyon dramdır (3,5 milyard dollar). Bu isə o deməkdir ki, xarici borc dövlət büdcəsindən 2 dəfədən çoxdur. Dövlət borcunun da 5 milyard 984 milyon dollarlıq hissəsi xarici borcun payına düşür.

Dünyada nüfuzlu Dövlət Borcunun İdarəedilməsi Şəbəkəsinin (PDMN) Ermənistanın maliyyə təhlükəsizliyinin təhdidlə üzləşməsi barədə paylaşdığı materialda da qeyd olunub ki, hazırda Ermənistanın xarici borcu maliyyə təhlükəsizliyi üzrə bütün normaları aşıb və bu ölkənin ÜDM-in 42 faizi civarındadır. Qeyd edək ki, ümumi dövlət borcunun ÜDM-ə nisbəti son dövrlər davamlı olaraq artmaqdadır. Belə ki, 2015-ci illə müqayisədə ümumi dövlət borcunun ÜDM-ə nisbəti 48 faizdən 54 faizə, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 40 faizdən 42 faizədək artıb. Dünya Bankı dövlət borcunun ÜDM-ə nisbəti göstəricisinin qarşıdakı dövrdə daha da pisləşəcəyini və ilin sonuna 57,2 faizə çatacağını proqnozlaşdırıb.

Beləliklə, Ermənistanda gözlənilən defolt bu ölkənin xarici borc öhdəlikləri sahəsində ciddi çətinliklərin meydana çıxmasına rəvac verəcək. Çünki defolt o deməkdir ki, dövlət borc öhdəliklərini vaxtında yerinə yetirə bilmir. Ermənistan isə onsuz da borc öhdəliklərini çətinliklə yerinə yetirir. Əslində, borc öhdəlikləri başqa borclar hesabına yerinə yetirildiyindən ölkənin xaricdən olan iqtisadi asılılığı da sürətlə artır. Məsələ bundadır ki, Ermənistanın iqtisadi vəziyyəti uzun illərdir ağırdır və düzəlmək bilmir. Əsas səbəb isə odur ki, Ermənistanda dövlət adına heç nə qalmayıb, sanballı dövlət müəssisələrinin əksəriyyəti xarici şirkətlərə satılıb. Amma hazırda onlar da işlək vəziyyətdə deyil.

Digər tərəfdən, baş nazir Paşinyanın komandası sələfləri kimi sadəcə oğurlamağı və mənimsəməyi daha yaxşı bacaran cinayətkar ünsürlərdən ibarətdir. Bu fonda xaricdən alınan borcların da əksər hissəsi mənimsəmənin qurbanı olur.

Erməni iqtisadçı Karen Adonts isə deyib ki, may və iyun aylarındakı iqtisadi fəallığın azalması ilin sonunadək iqtisadi tənəzzülün 5 faizdən də çox olacağına əsas verir: "İqtisadi artıma gəldikdə, mən burada elə də bir perspektiv görmürəm, çünki bu istiqamətdə heç bir addım atılmır. Yəni Ermənistan iqtisadiyyatı naməlum istiqamətə yön almaqdadır”.

İqtisadçının sözlərinə görə, bunun səbəbi Ermənistan iqtisadiyyatında struktur dəyişikliklərinin olmamasıdır: "Ermənistan iqtisadiyyatı bir neçə sahəyə əsaslanır: kənd təsərrüfatı, emal, mis xammalının ixracı, turizm, İT sahəsi. Ermənistanın 1 milyard dram həcmində ixracının böyük hissəsinin Rusiyaya yönəldiyini nəzərə alaraq digər istiqamətləri inkişaf etdirmək, satış bazarlarını genişləndirmək lazımdır”.

Bu gün Ermənistanın faktiki olaraq xarici bazarlarda təmsil olunmadığını bildirən erməni iqtisadçı bunun əsas səbəbini iqtisadiyyatda diasporla əlaqəli olan səhmdar cəmiyyətlərinin rolunun gücləndirilməməsində görür. Karen Adonts etiraf edir ki, bu gün hökumətin gözə soxmağa çalışdığı tikinti, o cümlədən, yol tikintisi, əslində, vergi daxilolmaları hesabına deyil, sadəcə olaraq ianə, yəni xaricdən alınan borc hesabına həyata keçirilir: "İyulun 19-dan etibarən Ermənistanda bəzi istehsalçılar üçün qaz tarifinin artmasına gəldikdə, bu dəyişiklik bütün iqtisadiyyata yükü artıracaq və təbii ki, bu ən böyük problem kimi enerji tələb edən şirkətlərin istehsal həcmlərini azaldacaq”.

Onu da əlavə edək ki, dövlət satınalmaları sahəsində ciddi korrupsiya hökm sürür və məmurlar dövlət ehtiyacları üçün sifarişləri öz adamlarının adlarına açılmış şirkətlərə sifariş verərək pulların bir hissəsini sonradan geri alırlar. Belə vəziyyət isə Ermənistanın iqtisadi tənəzzülünü daha da sürətləndirir.

 

Elçin Cəfərov

"Azərbaycan”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: