ABŞ-ın Nyu-York şəhərində “Ermənistanın işğalçılıq siyasətini dayandır!” (“Stop Armenian Occupation”), “Qarabağ Azərbaycandır!” (“Karabakh is Azerbaijan!) şüarlarını daşıyan təyyarə havaya qaldırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Azərbaycan icmasının üzvlərinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı təyyarə Manhattan adasından səmaya qalxıb. Üç saat ərzində Nyu-York üzərində dövrə vuran təyyarə Manhattan adasındakı dövlət əhəmiyyətli idarələrin, “Empire Building”, “Business Center” kimi məşhur iş mərkəzlərinin və yaşayış binalarının önündən uçub. Göy üzərində açılan şüar yerli əhalinin diqqətini cəlb edib və böyük maraqla qarşılanıb.
Həmvətənlərimiz təyyarənin daha yaxşı göründüyü Nyu-Cersi şəhərinin “Liberty” parkında toplaşıblar. Əllərində Azərbaycanın üçrəngli dövlət bayrağını tutan həmvətənlərimiz bu xoş hadisəni şüarlar səsləndirməklə və alqışlarla izləyiblər.
Layihənin təşkilatçısı Elmar Bayramov bildirib ki, ermənilər bu layihənin gerçəkləşdirilməsinə mane olmaq üçün ciddi cəhdlər göstəriblər. Onlar iki həftə ərzində “Airads” hava reklamları şirkətinə təzyiqlər göstəriblər, hətta bunun üçün əlavə vəsait də ödəyiblər. Lakin onların bütün cəhdləri nəticəsiz qalıb.