“Lenta.ru”: Məsələnin kökü Amerikaya gedib çıxır

Marqarita Simonyanın replikası Nikol Paşinyanı nə üçün cinləndirib?

A- A A+

İyulun 30-da Rusiyanın “Lenta.ru” saytında Konstantin Lyapunovun “Məsələnin kökü Amerikaya gedib çıxır” sərlövhəli məqaləsi dərc edilib. NUHÇIXAN İnformasiya Agentliyi həmin məqaləni ixtisarla təqdim edir.

***

RT telekanalının baş redaktoru Marqarita Simonyanın “Facebook” şəbəkəsində yazdığı post Ermənistanın baş naziri Nikol Paşinyanın əməlli-başlı xatirinə dəyib. O dərəcədə ki, siyasətçi dərhal ona cavab verməyi qərara alıb və telekanalın jurnalistlərini məxsusi bu məqsədlə Yerevana dəvət edərək, RBK TV-yə müsahibə verib. Rusiya KİV-inin baş redaktorunun sözləri nəyə görə Ermənistan rəhbərinin xoşuna gəlməyib? “Lenta.ru” bu məsələni araşdırmağa çalışıb.

Əvvələn media savaşının hansı kontekstdə baş verdiyini nəzərə almaq lazımdır. Son iki həftə ərzində Ermənistan-Azərbaycan sərhəddində və Dağlıq Qarabağda baş vermiş silahlı toqquşmalar iyirmi nəfərin həyatı bahasına başa gəlib. Ermənistan və Azərbaycan barışmaz mövqelər tutur, bir-birini provokasiyalarda və dinc kəndləri atəşə tutmaqda ittiham edirlər. Buna görə də milliyyətcə erməni olan Marqarita Simonyanın həmin münaqişəni başlamış rəsmi Yerevana müraciətinin tonu tamamilə aydındır: “Özünüzə kənardan baxın. Görün siz nə edirsiniz. Özünüzü necə aparırsınız. Siz necə ermənisiniz?” Simonyan Ermənistan rəhbərliyini “müvəqqəti hakimiyyət və xırda şəxsi intiqam xatirinə böyük erməni xalqının mənafelərini satmış bir ovuc siyasətbaz” adlandırıb.

Minskdən gözlənilməz reaksiya

Ermənistan hökumətinin başçısı Belarusa nə üçün uçmuşdu? Rusiyanın ən iri beynəlxalq KİV-nin rəhbəri olan RT-nin baş redaktoru fəaliyyətdə olan nazirlər kabinetinin Ermənistanın tarixi müttəfiqi Rusiyaya münasibətdə bir sıra hərəkətlərindən yan keçə bilməyib. Simonyanın fikrincə, Rusiyanın Ermənistana münasibətdə etdiyi bütün yaxşılıqların cavabında bizim dövlətimiz heç nə əldə etməyib. RT-nin baş redaktoru yazır: “Sizin Rusiyadan aldığınız yaxşılıqların və müdafiənin müqabilində siz yalnız siyasi qisas xatirinə Rusiyanın dəyişməz müttəfiqi Robert Koçaryanı həbs etdiniz. Siz ölkəni antirusiya ruhlu qeyri-kommersiya təşkilatları ilə doldurmusunuz. Onlar sizin ərazinizdə gənclərə Rusiyada hakimiyyəti necə devirməyi öyrədirlər. Siz Qafqazda antirusiya qüvvələrinin döyüş meydanına çevrilmişsiniz. Siz rusiyalı erməni biznesmenləri qovmusunuz. Sizin media və sosial şəbəkələr Rusiyanın üzərinə hər an çirkab atırlar”. Onun sözlərinə görə sərhəddə müharibə və indiki rejimin mövcudluğu təhlükə altında qalanda Ermənistan hökuməti xatırlayıb ki, Rusiya Ermənistanı yenə xilas etməlidir. Müharibənin özü barədə Simonyan tamamilə aydın şəkildə deyib: “Dayanın! Nə qədər ki, gec deyil, sadəcə gec deyil!”

Müttəfiqlər

Nikol Paşinyan bir neçə gündən sonra cavab verdi. 2008-ci ildə konstitusiyalı quruluşu devirməkdə ittiham edilmiş keçmiş prezident Robert Koçaryanın həbsi ilə bağlı iddiaları şərh edən Paşinyan vurğulayıb ki, Ruisyanın müttəfiqləri ayrı-ayrı siyasətçilər deyil, bütün erməni xalqıdır. Onun sözlərinə görə bir sıra xadimlər uzun müddət özlərini Rusiyanın yeganə müttəfiqi kimi təqdim ediblər, əslində isə Rusiyanın müttəfiqi erməni xalqıdır.

Baş nazirin sözlərindən belə çıxır ki, Ermənistan postsovet dövründə ilk növbədə qərb ilə fəal qarşılıqlı münasibətlər qurub. Lakin faktlar göstərir ki, strateji dövlət vəzifələrini (məsələn, təhlükəsizlik şurasının rəhbəri vəzifəsini və ya nazir portfellərini Corc Soros ilə affilyasiya edilmiş qeyri-kommersiya təşkilatlarının nümayəndələri məhz 2018-ci il “Məxməri inqilabı”ndan sonra almağa başlayıblar. Yeri gəlmişkən, Paşinyanı dəstəkləmək üçün küçələrə çıxanlar arasında məhz Sorosun qeyri-kommersiya təşkilatlarını təmsil edənlər şübhəli dərəcədə çox idi.

Tərəfdaşların köməyi

İddialı amerikalı oliqarx – siyasi texnoloq ilə əlaqələrin Ermənistanda hələ də davam etməsini onun təşkilatlarının koronavirusa qarşı mübarizədə fəal köməyi də sübut edir. Məsələn, iyulun 20-də məlum olub ki, “Açıq cəmiyyət – Ermənistan” fondu koronavirusa qarşı mübarizə üçün 600 min dollardan çox vəsait ayırıb. Fondun bəyanatında deyilirdi ki, “Açıq cəmiyyət – Ermənistan” fondu öz tərəfdaşları və Ermənistan Respublikası hökuməti ilə birlikdə ölkədə baş verənləri izləməkdə davam edir.

Amerikalı rabitəçi

Son vaxtlar Ermənistan siyasətində Birləşmiş Ştatlarla bu və digər şəkildə bağlı olan insanların sayı artmaqdadır. Məsələn, keçən il iyun ayında Amerikanın Qlendeyl şəhərinin keçmiş meri Zare Sinanyan Ermənistan hökumətində diaspor məsələləri üzrə komissar oldu. Bu vəzifə diaspor nazirliyinin ləğv edilməsindən və nazirlər kabinetinin optimallaşdırılmasından az sonra təsis edilib.

Ermənistanın ali siyasi dairələrində daha bir iddialı fiqur ədliyyə nazirliyinin yeni rəhbəri Rustam Badasyandır. Badasyan bu vəzifəyə təyin edilənə qədər mətbuatda belə şayiə yayılmışdır ki, onun namizədliyini Soros fondunun ermənistandakı icraçı direktoru Larisa Minasyan dəstəkləyib.

Bu müəssisələr korrupsiya hallarını təhqiq etməli və korrupsionerləri məsuliyyətə cəlb etməlidirlər. Bundan əlavə mütəxəssis Ermənistanın hakimiyyət orqanlarına hüquq mühafizə sahəsində islahatların hazırlanması və həyata keçirilməsi məsələlərinə dair məsləhətlər verməlidir. O, ədliyyə nazirliyi və digər asayişi mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət göstərməlidir.

Ermənistan Təhlükəsizlik Şurasında və Xüsusi İstintaq Xidmətində də Sorosun “öz adamları” var. Məsələn, Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçaturyanın qardaşı Soros fondunun idarə heyəti şurasının sədri, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qreqoryan isə “Transparency İnternational”ın yetirməsidir. Onlar hər ikisi “Məxməri inqilab”dan dərhal sonra bu vəzifələrə təyin ediliblər.

Onu da unutmaq olmaz ki, Ermənistanda Rusiya biznesi təqib edilir. RF Xarici İşlər Naziri Sergey Lavrov Ermənistan rəhbərliyinin Rusiya qazının qiymətlərinin azaldılması barədə israrlı tələbləri kontekstində demək olar ki, açıq-aşkar bunu bəyan edib. Yuxarıda deyilənləri yekunlaşdıraraq böyük inamla demək olar ki, Ermənistanda mühüm vəzifələri amerikapərəst qeyri-kommersiya təşkilatlarının nümayəndələri tutduqca Qafqazın bu respublikası dövlətlərarası münasibətlərdə yeni gərginlik ocaqları yaradacaq, Marqarita Simonyanın postu isə bu problemin üzərindəki pərdəni rəsmi səviyyədə qaldırıb. Paşinyanın həmin posta dərhal reaksiya verməsi bu fərziyyəni bir daha təsdiq edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: