Bir həqiqəti dərk etmək və görmək lazımdır: azərbaycanlılar bizim can qardaşlarımızdır. Biz hər zaman “Bir millət, iki dövlət” olduğumuzu söyləyirik. Bütün bu səbəblərə görə, Azərbaycan ilə münasibətlərimizi yaxşı başa düşmək lazımdır.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu fikirləri qardaş ölkənin Milli Müdafiə naziri Hulusi Akar gündəmdəki məsələləri dəyərləndirərkən deyib.
Nazir Hulusi Akar bildirib: “Azərbaycan ilə bizim kədərimiz də, sevincimiz də birdir. İyulun 12-dən başlayaraq Dağlıq Qarabağdan xeyli aralıda yerləşən Azərbaycanın Tovuz bölgəsinə hücumları hamı görməlidir. Azərbaycan torpaqlarının iyirmi faizinin təxminən otuz ildir Ermənistan tərəfindən heç bir əsas olmadan işğal altında saxlandığını bilmək və görmək lazımdır. İndiyədək olduğu kimi, bundan sonra da azərbaycanlı qardaşlarımızın haqq mübarizəsində onların yanındayıq. Dünən olduğumuz bu mövqedə bu gün varıq, sabah da olacağıq. Gördüyümüz işlər, həyata keçirdiyimiz tədbirlər iyulun 12-dəki hücumlardan sonra başlamayıb. Bunlar əvvəldən bəri Türkiyə ilə Azərbaycan arasında mövcud olan əlaqələrin davamıdır. Quru Qoşunlarının və Hərbi Hava Qüvvələrinin təlimləri illik hərbi əməkdaşlıq planına əsasən keçirilir. Bu təlimlər Türkiyədə, Azərbaycanda, o cümlədən Naxçıvanda reallaşdırılır”.