XİN Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndində törətdiyi cinayətin ildönümü ilə əlaqədar bəyanat yayıb

A- A A+

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 51 yaşlı Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın öldürülməsi, 52 yaşlı Sərvinaz Quliyevanın isə ağır yaralanmasının ildönümü ilə əlaqədar bəyanat yayıb.

NUHÇIXAN-ın məlumatına görə, bəyanatda deyilir: “Bu faciəvi hadisənin ildönümü günü mərhumların ailələrinə, qızcığaz Quliyeva Zəhranın valideynlərinə dərin hüznlə baş sağlığı veririk.

Mərminin atəş trayektoriyası, Alxanlı kəndində legitim hərbi hədəflərin və ya hərbi zərurət doğuran hər hansı obyektin olmaması açıq şəkildə göstərir ki, Ermənistan silahlı qüvvələrinin məqsədi qəsdən və hədəflənmiş şəkildə mülki insanların öldürülməsi olub. Körpə uşağın və yaşlı qadının qəsdən öldürülməsi alçaqlıq, şərəfsizlik və qorxaqlıqdır.

Keçən müddət ərzində Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən baş vermiş bu hərbi cinayətin araşdırılması istiqamətində hər hansı addım atılmayıb, əksinə, bu terror əməlinə bəraət qazandıran bəyanatlar səsləndirib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Azərbaycan ərazilərini işğal etməsi nəticəsində Ermənistan tərəfindən çoxsaylı hərbi cinayətlər, bəşəriyyət əleyhinə cinayət əməlləri, o cümlədən Xocalı soyqırımı törədilib. Ermənistanın bu kimi əməlləri beynəlxalq humanitar hüququn, xüsusilə Cenevrə konvensiyaları üzrə öhdəliklərinin kobud şəkildə pozulmasıdır.

Bütün bunlar onu göstərir ki, Ermənistan silahlı qüvvələri tərəfindən mülki insanların hədəfə alınması və öldürülməsi təsadüfi və ya sıradan olan hallar olmayaraq, sistematik xarakter daşıyır və silahlı qüvvələrin təlim prosesinə daxil edilmiş dövlət siyasətidir. Cəzasızlıqla üzləşən Ermənistanın qarşısında bu kimi cinayətləri törətmək üçün mənəvi, siyasi və ya hüquqi məhdudiyyətlər yoxdur.

2016-cı ilin aprel hadisələri zamanı Ermənistan silahlı qüvvələri təmas xətti boyunca mülki insanları və obyektləri hədə alaraq eyni əməlləri törətməyə cəhd göstərdi, lakin Azərbaycan silahlı qüvvələrinin qəti və peşəkar əks-həmlə tədbirləri nəticəsində layiqli cavabını aldı.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqda davam edir. Bu təhlükənin qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmalıdır.

Yüksək döyüş qabiliyyətinə və mənəvi-əxlaqi dəyərlərə malik olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərinin müdafiəsi, mülki insanların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görür”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: