İlham Əliyev Ermənistanın dövlət siyasətinin terror və maxinasiyalarla əsaslandığını real faktlarla ifşa etdi
Bu günə kimi Ermənistanda mövcud olan hakimiyyətlərin hamısı faşizmə xüsusi rəğbət bəsləyib. Hətta iş o yerə çatıb ki, Ermənistanda çiçəklənməkdə olan faşizmin bu ölkənin özü üçün də ciddi təhdid mənbəyi olması artıq daha açıq etiraf edilir. İnsanlığa qarşı saysız-hesabsız cinayətlər törətmiş erməni caniləri işğalçı ölkədə qəhrəman kimi təqdim olunur, onların nifrətamiz xatirəsi əbədiləşdirilir, abidələri ucaldılır.
Bütün bunlarla yanaşı, işğalçı Ermənistanın təxribatları, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini pozmaq cəhdləri də açıq şəkildə özünü göstərməkdədir. Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin həlli istiqamətində Azərbaycana qarşı irəli sürdüyü 7 təklifin heç birinin Bakı tərəfindən qəbul edilməyəcəyi rəsmi Yerevana da məlumdur.
Beləliklə, Ermənistanın rəhbərliyində olan, siyasi aləmdə "Sorosun uşaqları” adlandırılan Nikol Paşinyan və onun qərbçi komandası sərsəm bəyanatlar, təkliflər verməklə, əslində sülhdə maraqlı olmadıqlarını bir daha göstərməkdədirlər.
Erməni xalqı Sorosun girovudur
İyulun 29-da Balakən regional "ASAN xidmət” mərkəzinin açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan rəhbərliyinin Soros fondunun təsiri altında olması ilə bağlı tutarlı fikirləri növbəti dəfə geniş ictimaiyyətin diqqətini çəkib. Dövlət başçısı qeyd edib ki, Ermənistanın baş naziri Azərbaycana yeddi şərt irəli sürüb. Ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuledilən deyil. Bu şərtlərdən biri odur ki, Azərbaycan qondarma "Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparsın: "Bu, mümkün deyil. Biz bunu dəfələrlə bildirmişik. Çünki "Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir "respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın "Dağlıq Qarabağ respublikası”nı. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın! Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. Ona görə, bəri başdan onlar bilməlidirlər ki, bu, tamamilə qəbuledilməzdir. Digər şərtlər də buna bənzər şərtlərdir”.
Cənab İlham Əliyev onu da vurğulayıb ki, qəbuledilməz şərtlər irəli sürməklə Ermənistan faktiki olaraq danışıqlar prosesini məhv edir və danışıqlar formatını dəyişdirmək istəyir. Çünki danışıqlar Azərbaycanla Ermənistan arasında aparılır. Bu, Minsk qrupunun və onun həmsədrlərinin açıq mövqeyidir. Dəfələrlə bu mövqe onlara çatdırılıb, həm rəsmi qaydada, həm də bağlı qapılar arxasında: "... Amma bunların hikkəsinə baxın, yenə də bu şərti irəli sürürlər ki, Azərbaycan dırnaqarası "Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. "Dağlıq Qarabağ respublikası” yoxdur. Qoy, erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil vedrəsinə atırıq. Ancaq erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləşsin. Əgər onlar bundan sonra da cinayətkarların girovu kimi yaşamaq istəyirlərsə, onda indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına göz yumsunlar. Erməni xalqı 1998-2018-ci illərdə Ermənistanda cinayətkar, kriminal rejimin girovu idi. İndi isə Soros rejiminin girovudur”.
Hazırkı Ermənistan rəhbərliyi Sorosun agentləridir
Ermənistanda baş nazir Nikol Paşinyanın parlamentdə təmsil olunan tərəfdarlarının arasında uzun illər boyu birbaşa Soros fondunun maliyyəsi ilə yaşayan, fəaliyyət göstərən 14 deputat var. Fondla dolayısı ilə əlaqəsi olan deputatların sayı isə 50-yə yaxındır. Soros fondu tərəfindən Ermənistanda fəaliyyət göstərən 200-dən çox təşkilata 1997-ci ildən 2018-ci ilədək 48 milyon dollardan artıq vəsait ayrılıb. Fondun maliyyələşdirdiyi bu təşkilatların çoxsaylı nümayəndələri hazırda Ermənistanda yüksək dövlət vəzifələrində təmsil olunurlar.
Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxu Soros fondunun və ona yaxın təşkilatların əməkdaşları olub. Ermənistanda baş vermiş "inqilab” Sorosun və ona yaxın dairələrin növbəti təxribatı idi: "...Düzdür, erməni xalqı əvvəlki hakimiyyətə nifrət edirdi, bunu gizlətmirdi. Ermənistanın əvvəlki hakimiyyəti nifrətə layiqdir. Ancaq onun yerinə gələn qruplaşma əvvəlki hakimiyyətdən o qədər də fərqlənmir. Təsadüfi deyil ki, Soros fondu pandemiya ilə əlaqədar bu yaxınlarda Ermənistana 600 min dollar maliyyə yardımı göstərib. Başqa hansı ölkəyə göstərib? Postsovet məkanında heç bir ölkəyə göstərməyib. Azərbaycana göstərib? Yox. Azərbaycanda Soros fondunun izi-tozu da qalmayıb. Çünki onlar burada təxribatla məşğul idilər, gənclərin beyinlərini zəhərləyirdilər. Gəncləri öz dövlətinə qarşı qaldırmaq istəyirdilər. Ona görə onların ayağı kəsildi. Amma onlar Ermənistanda geniş qol-qanad açıblar və gizlətmirlər, bu, açıq bir ianədir. Biz bilirik ki, Ermənistanın indiki rəhbərliyi Soros fondundan altdan-altdan da pul alır, onların agentləridir, onların sifarişini icra edir”.
Ermənistana "Sorosun uşaqları”nın rəhbərlik etməsi işğalçı ölkənin özündə belə təəccüblü qarşılanmır. Soros fondunun vətəndaş cəmiyyətinin inkişafı istiqaməti üzrə proqramlarına görə məsul şəxs olan Sos Avetisyan Paşinyan hakimiyyətinin ilk dövrlərində təhsil və elm nazirinin müavini vəzifəsini daşıyıb, hazırda isə "Mənim addımım” blokunun parlamentdəki təmsilçilərindən biridir. Təhsil və elm nazirinin müavini vəzifəsini tutan Arevik Anapiosyan isə uzun illər boyu Soros fondu tərəfindən maliyyələşdirilən təşkilata rəhbərlik edib. Fondun direktorlar şurasının sədri David Xaçatryanın qardaşı Sasun Xaçaturyan Ermənistanın xüsusi istintaq xidmətinə rəhbərlik edir.
Fonddan ümumilikdə 2 milyon ABŞ dollarından çox vəsait alan "Regional inkişaf mərkəzi”nin əlaqələndiriciləri və proqram rəhbərlərindən Lena Nazaryan parlamentin vitse-spikeri, Araik Arutunyan təhsil və elm naziri, Liana Daltaxçyan baş nazirin aparatının, Sarxat Petrosyan daşınmaz əmlak üzrə dövlət kadastrının rəhbəridir.
Faşistləri, terrorçuları qəhrəmanlaşdıran ölkə
Bu gün Ermənistandan kənarda da bu ölkədə faşizmin çiçəklənməsindən narazılıq artmaqdadır. Məsələn, Rusiyanın Vladimir şəhərində "Stopfaşizm” vətəndaş təşəbbüsünün üzvləri şəhər meriyasına müraciət edərək İkinci Dünya müharibəsində faşistlərlə əməkdaşlıq etmiş Qaregin Njdenin Vladimir həbsxanasının qəbiristanlığında boş məzarının yığışdırılmasını təklif etmişdilər.
Təşəbbüsün müəllifləri bildirmişdilər ki, Njdenin boş məzarı son illərdə erməni diasporunun nümayəndələri tərəfindən ildə bir neçə dəfə anım məqsədilə ziyarət olunur. Qeyd olunub ki, Njdenin boş məzarı faşizmin qəhrəmanlaşdırılması baxımından istifadə olunur. Bir daha qeyd edək ki, Njde İkinci Dünya müharibəsinin sonunda SSRİ xüsusi xidmət orqanları tərəfindən ələ keçirilmiş və faşistlərlə əməkdaşlığını etiraf etmişdi. Törətdiyi cinayətlərə görə Vladimir şəhər həbsxanasına göndərilən Njde ölümündən sonra həbsxana ərazisində dəfn edilmişdi. 1980-ci illərdə bir qrup şəxs onun qalıqlarını Ermənistana aparmışdı. Amma Vladimir həbsxanasının qəbiristanlığında boş məzarı hələ də durur. Bu isə artıq etirazlar yaradır.
"Stopfaşizm” üzvləri xatırladıblar ki, 2019-cu ildə Rusiyanın Armavir şəhərində erməni kilsəsinin ərazisində Njdenin xatirə lövhəsi yerli deputat tərəfindən qara rənglə boyanmış, daha sonra ictimai etirazlar nəticəsində lövhə sökülmüşdü. Qeyd edək ki, abidə ilə bağlı proseslər Azərbaycanın bu məsələni qabartmasından sonra aktuallaşdı.
Ermənistanda faşist Almaniyasına xidmət etmiş generallar Drastamat Kanayanın (Dro) və Qaregin Njdenin irqçiliyi və antisemitizmi təbliğ edən əsərləri nəşr edilir, onlara abidələr qurulur, şərəflərinə sikkələr çıxarılır, mahnılar qoşulur, filmlər çəkilir, medallar təsis olunur. Buna görə, Ermənistan Avropada yəhudilərə ən çox düşmən münasibət bəsləyən ikinci dövlətdir. Ermənistanın hazırkı prezidenti Armen Sarkisyan da erməni diasporu ilə görüşdə ermənilərin Allah tərəfindən seçilmiş bir millət olduğunu bildirmişdir. Hitler Almaniyasında da almanların seçilmiş "ari irqə” məxsus olduqları barədə təbliğat aparılırdı.
Faşist əlaltısının "erməni milli lideri” kimi təqdim edilməsi iflasa uğradı
Ermənistanın baş naziri Nikol Paşinyanın faşist əlaltısı olmuş Njdeni "erməni milli lideri” kimi təqdim etməsini isə Kreml və Rusiya ictimaiyyəti qəbul etmədi. Onun bu faşist nökərini keçmişdə bolşeviklərə qarşı mübarizə aparan antikommunist kimi təqdimatı da iflasa uğradı. Bundan sonra isə Paşinyanın babasının da faşistlər tərəfində yer aldığı üzə çıxdı. Belə ki, müharibə illərində 1913-cü il təvəllüdlü Nikolay Paşinyan müəyyən müddət itkin düşmüş sayılıb. Sonra məlum olub ki, o, düşmən tərəfə keçib. Ermənistanın baş nazirinin babası Qaregin Njdenin başçılıq etdiyi SS legionunun heyətinə daxil olub, yəni, nasist Almaniyası uğrunda döyüşüb.
Xatırladaq ki, 2011-ci il iyulun 23-də Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan tələbələrlə görüşü zamanı onlardan birinin Türkiyənin ərazilərini nəzərdə tutaraq "Qərbdəki torpaqlar bizə geri dönəcəkmi?” sualının cavabında deyib: "Bu, sizdən və sizin nəsildən asılıdır. Bizim nəsil üzərinə düşən vəzifəni yerinə yetirdi. Qarabağı düşməndən aldıq. Hər nəslin özünün yerinə yetirilməli olduğu öhdəlikləri var”. Bununla, Sarkisyan Gürcüstanın, Türkiyənin və Azərbaycanın digər ərazilərinin işğal edilməsi öhdəliyinin gənc nəslin üzərinə düşdüyünü bildirir. Nəzərə alaq ki, Hitler də "Böyük Alman Reyxi” yaratmaq istəyirdi.
Ermənistanın sabiq prezidentlərindən Robert Koçaryanın ixtisasca həkim olan arvadı Bella Koçaryan Ermənistanda qan köçürməsi mərkəzinin açılışında demişdir: "ermənilərə yalnız erməni qanı vurulmalıdır. Erməni qanı spesifik genetik struktura malikdir”. Mərkəzin rəhbəri də ermənilərin adətən xaricilərlə ailə qurmadığına görə erməni qanının təmiz qaldığını bildirmişdi. Bu isə faşist Almaniyasında "Qan və Torpaq” (Blut und Boden) şüarını xatırladır. Qan "təmiz Ari irqə” istinad edir. Bu, faşist Almaniyasındakı Nürnberq qanunlarını xatırladır. Bu qanunlar almanların "təmizliyini” qorumaq üçün "ari irqə” məxsus olmayan şəxslərlə evlənmələrini qadağan edirdi.
Baş verənlərə nəzər salan ABŞ-ın "News Blaze” nəşri də faşizmin Ermənistanda təzahürünü təhlükəli hal sayır: "Ermənistanda ən "tanınmış” müharibə qəhrəmanlarından biri olan Qaregin Njde, həm də daşnakların lideri və "Hitleryugend”in (Alman Milli-Sosialist Fəhlə Partiyasının gənclər təşkilatı) nümunəsi olaraq yaradılan və nasistlərin ari üstünlüyü nəzəriyyəsini əks etdirən erməni milli və irqçi ideologiyası olan "seqakronizm”in banisi idi. Nəticə etibarilə, təəccüblü deyil ki, Njde onminlərlə erməni əsgərindən ibarət olan və Krım, Qafqaz, Polşa və Fransada nasist döyüşlərində iştirak edən vermaxtın erməni legionuna rəhbərlik edirdi. Onlar, həmçinin yəhudilərin sürgün edilməsini dəstəkləyir, nasistlərə yəhudiləri əsir düşərgələrinə göndərməkdə yardım edir, həm də müqavimət hərəkatı döyüşçülərinə qarşı mübarizədə iştirak edirdilər. Njdenin cinayətkarlığına bilərəkdən göz yuman Ermənistan onu açıq şəkildə "milli qəhrəman” kimi şöhrətləndirməkdə davam edir.
Antisemitizm Ermənistanda, həmçinin dünya ölkələrində mövcud olan erməni icmalarında geniş yayılan problemdir. Yəhudilərə münasibətdə antisemitizmə və dözülməzliyin digər formalarına qarşı çıxış edən Amerika yəhudi qeyri-hökumət ictimai-siyasi hüquq müdafiə təşkilatının - Antidiffamasiya Liqasının "Qlobal indeks 100” tədqiqatının nəticələrinə dair hesabatda qeyd edilir ki, ermənilərin əksəriyyəti dərin antisemit əhvali-ruhiyyədədir ki, bu saya görə də ermənilər Avropada antisemit millət hesab olunur”.
Bu fonda hesab edilir ki, dünya artıq baş verənlərə daha sərt reaksiya göstərməlidir.
Elçin Cəfərov
"Azərbaycan” qəzeti