Dünyanı çənginə almış COVID-19 pandemiyası ilə mübarizədə Cənubi Qafqaz ölkələri arasında ən çox yoluxma halı işğalçı ölkə olan Ermənistanda müşahidə edilməkdədir. Ölkədə hər gün artmaqda olan yoluxma sayının Ermənistan ordusunda da kütləvi hal alması Paşinyan hökümətini çıxılmaz vəziyyətə salıb. Ermənistan hər nə qədər gizlətməyə çalışsa da, Azərbaycanla sərhədin Tovuz istiqamətində işğal cəhdi ilə provokasiyalara əl atması və döyüşlərdə xeyli hərbi texnika və canlı qüvvəsini itirməsi bir həqiqətdir. Ötən ay bir neçə gün davam edən döyüşlərdə istər Ermənistan mediası, istərsə də sosial mediada paylaşımlar bu provokasiyanın işğalçı orduya baha başa gəldiyini göstərir.
Döyüş şəraitində ordunun itkiləri azmış kimi, qeyri-döyüş şəraitində həyatını itirmiş hərbi qulluqçuların sayının da artması və üstəlik pandemiyanın artıq mart ayından orduya “ayaq açması” cəmiyyətdə təşvişlə yanaşı, həm də narazılıq doğurmaqdadır.
Bu gün işğalçı orduda hərbi qulluqçuların həyatına təhlükə törədən səbəblərə COVID-19 pandemiyasının da əlavə edilməsi vəziyyəti daha da mürəkkəbləşdirib. Koronavirusa yoluxma halları artmaqdadır. Hələ koronavirusun yayıldığı ilk aylarda sosial mediada yayılan xəbərlərdə orduda COVID-19-un aşkar edilməsi bildirilsə də, aidiyyəti qurumlar belə bir halın olmadığını açıqlamış, virusun orduda mövcudluğunu ört-basdır etmişdi. Lakin martın 27-də Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan rəsmi olaraq, 5 hərbi qulluqçuda koronavirus aşkarlandığını bildirdi.
May ayında isə müdafiə naziri D.Donoyan jurnalistlərə müsahibəsində orduda təxminən 20 yoluxmuş hərbi qulluqçunun olduğunu qeyd etmiş və bildirmişdi ki, bu, əsasən İrəvan yaxınlığında və keçmiş mərkəzlərin hərbi hissələrində qeydə alınıb.
İyun ayında müdafiə nazirinin müavini Qabriyel Balayan orduda koronavirusa yoluxma halları ilə bağlı parlamentdə müstəqil deputat Armen Babacanyanın suallarını cavablandırarkən etiraf etmişdi ki, orduda COVID-19-a yoluxmuş hərbi qulluqçuların böyük hissəsi müqavilə ilə xidmət edən şəxslərdir. Onlar isə hərbi hissələri tərk etmək və geri qayıtmaq imkanları olan qulluqçulardır.
Bundan başqa, hərbi çağırışın davam etməsi görülən pandemiyaya qarşı zəruri tədbirlərə baxmayaraq, əlavə təhlükə yaratmaqdadır. Belə ki, iyulun 1-dən Ermənistanda hərbi çağırışın başlanmasından bəri çağırışçılar arasında edilmiş testlər zamanı onların bir qismində yeni növ koronavirus aşkar edilib. Bu faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Armenpress”ə verdiyi açıqlamada etiraf edib. Qeyd edib ki, təxminən 30 çağırışçıda yoluxma halı aşkar edilib və onların 13-ü artıq sağalıb. Onun sözlərinə görə, yoluxmuş hərbi çağırışçılar sosial təcrid olunublar , sağaldıqdan və 14 gün karantin rejimindən sonra yenidən testdən keçəcəklər, testin cavabı mənfi olarsa, ordu sıralarına qoşulacaqlar.
Oğullarının qeyri-döyüş şəraitində ölümünün obyektiv araşdırılmasını tələb edən valideynlər mütəmadi olaraq, etiraz aksiyası keçirmiş, hətta bir sıra yolları bağlamış, Paşinyana müraciət etmiş, cinayət işlərinin obyektiv araşdırılmasını tələb etmişlər. Artıq Ermənistan mediası baş nazir Nikol Paşinyanın qərarı ilə qeyri-döyüş şəraitində ölmüş və ya öldürülmüş hərbi qulluqçuların cinayət işlərinin araşdırılması üzrə işçi qrup yaradılacağını bildirib. Qrup 8 nəfər hərbi qulluqçunun ölüm faktını araşdıracaq. Paşinyanın qərarı ilə yaradılmış işçi qruplarının üzvlərinə gəlincə isə onlar arasında müxtəlif dövlət qurumlarının nümayəndələri üstünlük təşkil edir.
Qrup baş nazirin köməkçisi başda olmaqla, hüquqşünaslar, baş nazir aparatının hüquq şöbəsinin mütəxəssisi, Ədliyyə Akademiyasının nümayəndəsi kimi rəsmi şəxslərdən təşkil edilib. Yəni hansısa müstəqil hüquq müdafiəçilərinin və vətəndaş cəmiyyətinin səsi ola biləcək QHT nümayəndələrinin üzvləri yoxdur.
Bu və ya digər faktları, eləcə də artıq illərdir işğalçı orduda olan özbaşınalıq faktlarının mövcudluğunu nəzərə alsaq, işçi qrupunun hansısa ciddi uğur əldə edəcəyinə inam azdır.
Orduda koronavirus pandemiyasının yayılması, eləcə də dinc şəraitdə əsgər ölümləri ilə bağlı məsələlərə Ermənistanın bir sıra ictimai-siyasi fiqurları da münasibət bildirirlər.
Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının sədri Artur Vanesyan son zamanlar orduda yaranmış vəziyyətlə bağlı “Aravot” qəzetinə geniş müsahibə verib. O, pandemiya şəraitində orduda bir sıra problemlərin olduğunu etiraf edib və bildirib ki, orduda koronavirus mövzusu hamıdan problemə məsuliyyətlə yanaşmağı və təmkinli olmağı tələb edir: “Hansısa şəxsi və ya siyasi maraqlar naminə bu mövzudan istifadə etməməyi məsləhət görürəm. Təəssüf ki, bu cür tendensiyalara rast gəlinir. Əminəm ki, ordu rəhbərliyi bu problemlərdən xəbərdardır və bunun həlli üçün hər şey edəcək. Deyirlər ki, ordu cəmiyyətin aynasıdır. Ordudakı atmosfer cəmiyyətdəki atmosferin güzgüdəki əksidir. Düşərgələrə bölünmüş, daim daxili düşmənləri axtaran, süni şəkildə “köhnə” və “yeni”yə bölünən bir cəmiyyətin daxili atmosferi bütün sistemlərdə, o cümlədən, orduda çox tez öz yerini tapır. Cəmiyyətin günahkarları tapması və cəzalandırması tələbi tamamilə başadüşülən və ədalətlidir. Eyni zamanda, bu böyük qəzəb dalğasını ordu komandirlərinə, zabitlərə düzgün və ayıq bir araşdırma olmadan yönəltmək son dərəcə təhlükəli və gözlənilməz ola bilər.”
A.Vanesyan bildirib ki, Aprel döyüşlərini araşdıran istintaq komissiyasının fəaliyyəti ordu daxilindəki atmosferə pis təsir edir: “Əsl komandirlər, ciddi tərcümeyi-halı olan kadrlardan bu gün ordu, silahlı qüvvələr haqqında heç bir təsəvvürü olmayan şəxslər qarşısında cavabdehlik daşımaq tələb edilir”.
A.Vanesyan, həmçinin müsahibəsində vaxtilə fərarilik edərək, ordudan qaçmış şəxslərin, hətta indi nazir və müavin vəzifəsində çalışsalar belə, hərbi hissələrə daxil olmasına icazə verilməməsinin vacibliyini vurğulayıb və dolayısı ilə bəzi siyasi opponentlərinə toxunub. Qeyd edək ki, bir müddət əvvəl baş nazir Paşinyanın orduda xidmət etməməsi Ermənistan mediası və müxalifət düşərgəsi üçün əsas müzakirə mövzusu idi.
Əfsanə Bayramqızı
“Xalq qəzeti”