Beynəlxalq hüquq üzrə professor, Beynəlxalq Avrasiya Mətbuat Fondunun BMT-nin Cenevrə ofisindəki nümayəndəsi, İnsan Hüquqları üzrə Alt Komissiyanın keçmiş üzvü Osman Əl-Həcc Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində son hərbi təxribatı ilə bağlı məqalə yazıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalənin müəllifi beynəlxalq ictimaiyyəti və BMT Təhlükəsizlik Şurasını Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 7 rayonunu işğal edən Ermənistana təzyiq göstərməyə çağıraraq, baş verənləri hüquqi baxımdan izah etməyə çalışıb.
Məqalədə bildirilib ki, iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində baş vermiş son hərbi qarşıdurma çoxlu sayda insanın ölümünə və yaralanmasına, eləcə də ciddi dağıntılara səbəb olub.
Müəllif yazır: “Bu hadisə beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının diqqətini öz evlərindən - Ermənistanın özündən, habelə Qarabağdan və Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycanın digər bölgələrindən didərgin düşmüş bir milyondan çox azərbaycanlının taleyinə yönəltməlidir. Bu insanlar 1989-cu ildən bəri həm Ermənistanın özündə, həm də Ermənistan tərəfindən işğal edilmiş yerlərdə həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində məcburi köçkün və qaçqın vəziyyətinə düşüblər.
Bu hərəkətlər qanunun hər şeydən üstün olduğu bir dövrdə qəbuledilməzdir və günahsız insanlara zülm etdikləri üçün, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini, xüsusilə də bu sənədin preambulasını və 2 və 3-cü maddələrini, Humanitar Hüququn Prinsiplərini, Beynəlxalq İctimai Hüququ, 1951-ci il Qaçqınların statusuna dair Konvensiyanı və insan hüquqları prinsiplərinə hörmət etmək öhdəliyini pozduğuna görə qınanılmalıdır. Bütün bu beynəlxalq sənədlər dövlətlər arasında problemlərin sülh yolu ilə, danışıqlar, barışıq, arbitraj və Birləşmiş Millətlər Təşkilatının Baş katibinin dəstəyi ilə və ya neytral dövlətlərin vasitəçiliyi və Beynəlxalq Ədalət Məhkəməsinin tələbi ilə həll edilməsini tövsiyə edir.
Qeyd edim ki, bu, Ermənistan tərəfindən Azərbaycanın hərbi və mülki şəxslərinə, əmlakına və ərazisinə qarşı yönəlmiş ilk belə addım deyil. Keçən əsrdə də eyni münasibəti sərgiləmişdilər. Təəssüf ki, Azərbaycanla qonşu olan Ermənistan respublikası yaxşı münasibətlər qurmaq və dinc şəraitdə hər iki xalqın mənafeyi naminə öz xalqının azərbaycanlılarla birgə faydalı inkişafını təşviq etmək əvəzinə düşmən olmağı üstün tutdu. Ermənistan azərbaycanlıları öz torpaqlarından sıxışdırıb çıxararaq, beynəlxalq hüquqa və mehriban qonşuluq prinsiplərinə hörmət etmədən Azərbaycanın torpaqlarının 20 faizini işğal etməyi seçdi”.
Qeyd edilir ki, Fransa, Rusiya, Amerika Birləşmiş Ştatlarının həmsədrlik etdiyi, eləcə də Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyə, Ermənistan və Azərbaycanın üzv olduğu ATƏT-in Minsk qrupu Ermənistanı qaçqın problemini humanitar yolla həll etmək və əsgərlərini Azərbaycan torpaqlarından geri çəkməyə inandırmaq üçün bir çox görüşlər keçirib, lakin danışıqlar indiyədək nəticəsiz qalıb.
“Bundan əlavə, BMT Təhlükəsizlik Şurası, Azərbaycan və Ermənistan arasında zorakılığın qarşısını almaq və sülhü möhkəmləndirmək üçün 1993-cü ildə dörd qətnamə (1) qəbul edib. Bu qətnamələr iki dövlət arasındakı münaqişənin ərazi bütövlüyü çərçivəsində, qaçqın və məcburi köçkün problemlərinin həlli, habelə işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması yolu ilə həllini nəzərdə tutur. Ancaq, təqribən 30 il keçsə də, Ermənistan hökuməti hələ də Təhlükəsizlik Şurasının yuxarıda göstərilən qətnamələrinə, beynəlxalq və humanitar hüquqa, qanunlara və mehriban qonşuluq prinsiplərinə uyğun hərəkət etməkdən imtina edir.
Beləliklə, Ermənistan BMT Təhlükəsizlik Şurasının və BMT sisteminin nüfuzuna xələl gətirir, bu qəbuledilməzdir və qınanılmalıdır. Beynəlxalq birliyin və BMT Təhlükəsizlik Şurasının beynəlxalq və humanitar hüquqa hörmətlə yanaşması üçün Ermənistana təzyiq göstərməsinin vaxtı çatıb”, - deyə müəllif vurğulayır.
Qeyd edək ki, Osman Əl-Həcc Cenevrə Universitetinin Beynəlxalq Hüquq üzrə doktorudur və Cenevrədə beynəlxalq münasibətlər üzrə ali təhsil alıb.
Əvvəllər Livanda, Tripolidə Jinan Universitetində professor kimi çalışıb və Universitetin İnsan hüquqları Mərkəzinin prezidenti olub. Bundan əlavə, professor Əl-Həcc 1994-cü ildən 1997-ci ilə qədər BMT-nin ayrıseçkiliyə qarşı və azlıqların müdafiəsi üzrə alt Komissiyasının məruzəçisi kimi fəaliyyət göstərib. 2009-cu ildən 2015-ci ilə qədər İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə İşçi Qrupun müavini vəzifəsində çalışıb.